BAKI, 23 fevral — Sputnik. Fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib̧, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb.
Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb.
"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.
Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar.
"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.
Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”.
Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.