DYP əməkdaşı, arxiv şəkli

Yol polisi sürücülərə piyadalara müraciət etdi

11
Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

BAKI, 23 fevral — Sputnik. Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi sürücülərə və piyadalara müraciət edib.

Müraciətdə qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:

"Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.

Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin çoxmərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir".

Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

11
Söyüdlü – Zod qızıl yatağı

Yataqların ehtiyatları bir daha qiymətləndiriləcək

0
(Yenilənib 15:54 03.03.2021)
“AzerGold” QSC tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. "2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olan ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur. İşğala qədər metallar üzrə toplanan geoloji məlumatlar bu yataqların bir çoxunun böyük sənaye ehtiyatlarına malik olduğunu təsdiqləyirdi". Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunan ərazilərində yerləşən yataqlarından qızıl, gümüş, mis və molibden ehtiyatları ötən əsrin 90-cı illərinin ortalarından etibarən Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalıb: "Qanunsuz hasilat və satış nəticəsində əldə olunan qeyri-qanuni iqtisadi dividendlər Ermənistan Respublikasının, xüsusilə də qondarma rejimin maliyyələşdirilməsində mühüm rol oynayıb. Bununla da Azərbaycan Respublikasının iqtisadi və dövlət maraqlarına ciddi ziyan vurulub. Hazırda ölkəmizin nəzarətində olan sözügedən yataqların ehtiyatları bir daha qiymətləndiriləcək və əlaqədar dövlət qurumları tərəfindən qeyri-qanuni hasilat nəticəsində Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması işləri icra ediləcək".

"Öz növbəsində “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb. Cəmiyyət tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb. Bununla bağlı əldə edilən materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub", - deyə məlumatda bildirilib.

Bununla yanaşı, cəmiyyət tərəfindən işğaldan azad olunan ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar görülür: "İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilən ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq. Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

0
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Təhsil işçilərinin vaksinasiyasına başlanılıb

3
(Yenilənib 15:40 03.03.2021)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

BAKI, 3 mart — Sputnik. Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhsil işçilərinin vaksinasiyası ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, 3 mart 2021-ci il tarixindən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

3