Ağdamın Çıraqlı kəndində

Müharibədən sonra yanan çıraqlar: "O illəri həyatımdan fələk alıb, aparıb" - FOTO

59
(Yenilənib 21:55 21.02.2021)
"Elə bilirəm ki, o illəri həyatımdan fələk alıb, aparıb. Heç, heç yaşamamışıq" - Bir vaxtlar erməni qoşunları ilə təmas xəttində yerləşən Ağdamın Çıraqlı kəndinin sakinləri güzəranlarını Sputnik Azərbaycan-la bölüşüblər

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Qırx dörd günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız təxminən 30 illik işğaldan azad olunmaqla cəbhəyanı kəndlər və təmas xətti anlayışları da sıradan çıxdı. Ağdamın Çıraqlı kənd sakinləri deyirlər ki, indi əkin sahələrində rahat işləyə bilirlər. Kəndin bir neçə yüz metrliyində olan erməni postlarını rəşadətli Azərbaycan Ordusu darmadağın etdikdən sonra Çıraqlı da nəfəs ala bildi. 

Çıraqlı kənd sakini Füzuli Aslanovun Sputnik Azərbaycan-a dediyinə görə, əvvəllər kənddə həyat çox təhlükəli olub: "Ermənilər iriçaplı silahlardan kəndi tez-tez atəşə tuturdular. Demək olar ki, səhəri ayıq gözlə açırdıq. Yatan da səksəkə içərisində yatırdı. İndi kənddə həyat firavandır. Hər kəs öz işi ilə rahat şəkildə məşğul olur".

© Sputnik / Emin Babayev
Füzuli Aslanov

Ağdamın təmas xəttində olan kəndlərini düşmən gülləsindən istinad divarları qoruyurdu. Yerli sakinlərin verdiyi məlumata görə, bəzi vaxtlarda bu belə, insan itkilərinin qarşısını ala bilmirdi. 27 illik atəşkəs dövründə erməni gülləsinə tuş gələn kənd sakinləri içərisində yaralanan da olub, dünyasını dəyişən də. Kənd sakini Səyavuş Şükürov deyir ki, istinad divarları olmasa, kənd sakinləri arasında daha çox itki yaşanardı.

"Kənddə hündürlüyü üç metrdən artıq olan istinad divarları tikilmişdi. Ən uzun divarlar isə ermənilərlə təmas xəttində qurulmuşdu. Amma bununla belə, bəzən düşmən gülləsi kənd sakinlərinin həyatına son qoyurdu. Yəni burada hər gün ölüm təhlükəsiylə ötürdü.

Elə məhz istinad divarı çəkiləndən sonra mənim bacım erməni gülləsinə tuş gəlib yaralandı. Tək mənim bacım yox, istinad divarı tikiləndən sonra kənddə 9 nəfər yaralanıb. Amma o da olmasaydı, ermənilərin atdığı güllələr çoxlarının həyatına son qoya bilərdi. Divarların üstünü güllələr, qəlpələr deşik-deşik edib. Ancaq buna baxmayaraq, heç kəs evini tərk etmədi. Müharibədə də kənd camaatı yurdunda qaldı. Evlərimizə mərmi düşdü. Yaralananlarımız da oldu. Amma kimsə evini qoyub, çıxmadı".
  • Ağdamın Çıraqlı kəndində
    © Sputnik / Emin Babayev
  • Ağdamın Çıraqlı kəndində
    © Sputnik / Emin Babayev
  • Ağdamın Çıraqlı kəndində
    © Sputnik / Emin Babayev
  • Ağdamın Çıraqlı kəndində
    © Sputnik / Emin Babayev
  • Ağdamın Çıraqlı kəndində
    © Sputnik / Emin Babayev
1 / 5
© Sputnik / Emin Babayev
Ağdamın Çıraqlı kəndində

İndi azad və təhlükəsiz həyat yaşayan kənd sakinləri təsərrüfat işləri ilə gündüz də məşğul ola bilirlər. Müsahibimizin sözlərinə görə, vaxtı ilə ermənilər kəndi intensiv atəşə məruz qoyduğundan əkin sahələrində gecələr işləməli olublar. Kənd sakini Səyavuş Şükürov da erməni terrorundan zərər çəkənlərdəndir. Deyir ki, düz iyirmi yeddi il gecəni gündüzlə əvəzləməli olub.

"Torpaqlar düşmən nəzarətində olduğundan xüsusilə gecə işləməli olurduq. Təssəvvür edin, hər kəs yatıb, sakitlik, sənsə sahədə işləyirsən. Özü də qaranlıqda. Texnikanın işığını yandıran kimi ermənilər həmin istiqaməti atəşə tuturdular. Olduqca çətin idi. Əkin sahələrində işləyə bilmirdik. İndi rahat əkin-biçin işləri ilə məşğul oluruq".

© Sputnik / Emin Babayev
Ağdamın Çıraqlı kənd sakini Səyavuş Şükürov

Kənd sakini Hikmət Məmmədov deyir ki, Vətən müharibəsindən sonra kəndlərdə canlanma var: "Biz iyirmi yeddi ili yaşamamışıq. Şəxsən mənim 27 ilim hədər gedib. Elə bilirəm ki, o illəri həyatımdan fələk alıb, aparıb. Heç, heç yaşamamışıq. İndi şükür Allaha. Günün günorta çağı qonum-qonşu yığılır, işə gedirik. Əkin-biçinlə məşğuluq. Allah ölkə başçımızdan, ordumuzdan razı olsun".

© Sputnik / Emin Babayev
Ağdamın Çıraqlı kənd sakini Hikmət Məmmədov

Kəndin balaca sakinləri üçün də təhlükəsiz həyat başlayıb. Murad Məmmədov deyir ki, göz açandan bir dəfə də olsun, küçəyə çıxıb, tay-tuşları ilə rahat oynaya bilməyib: "Nə vaxt çıxırdıq, ermənilər bizi görən kimi atəşə tuturdular. İndi istədiyim vaxt evdən çıxıb, uşaqlarla rahat oynaya bilirəm. O qədər oynamamışam ki, doymuram oynamaqdan".

© Sputnik / Emin Babayev
Ağdamın Çıraqlı kənd sakini Murad Məmmədov

Hazırda əvvəllər neytral ərazi kimi bilinən torpaqlar minalardan təmizlənir. Proses başa çatdıqdan sonra uzun illərdən sonra həmin münbit torpaqlar əkiləcək. Bu da kənd sakinlərinin rifah halını daha da yaxşılaşdıracaq.

59
Teqlər:
sakinlər, müharibə, Qarabağ, Azərbaycan, Çıraqlı kəndi, Ağdam
Mövzu:
Müharibə adamları

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2
(Yenilənib 00:30 06.03.2021)
Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

BAKI, 6 mart - Sputnik. Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

2
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

71
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

71
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO