BAKI, 18 fevral - Sputnik. Bu gün Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində bir nəfər həlak olub.
Sputnik Azərbaycan xəbər verir ki, həmin şəxs Laçın rayonundan keçmiş məcburi köçkün olan, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğludur.
Xatırladaq ki, Suqovuşan kəndi 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Azərbaycanda 6 siyasi partiya hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.
YAP-a qoşulan partiyalar bunlardır: Azərbaycan Xalq Demokratik Partiyası; Azərbaycan Kəndli Partiyası; Milli Qurtuluş Partiyası; Azərbaycan Yurddaş Partiyası; Azərbaycan Milli Hərəkat Partiyası; Azərbaycan Demokratik Sahibkarlar Partiyası.
Həmçinin YAP-ın Siyasi Şurası ləğv olunub. YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.
Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.