Hulusi Akarın məktubu yetişdi: Nazir şəhid ailəsini Türkiyəyə qonaq çağırıb – VİDEO

© AR Ministry of DefenceValeh Məmiyevin ailəsi
Valeh Məmiyevin ailəsi - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Şəhidin ailə üzvləri qonaqları səmimiyyətlə qarşılayıb. İgid tankçının şəxsi əşyaları, təltifləri və ona təqdim edilmiş qiymətli hədiyyələr saxlanılan xatirə guşəsi önündə şəhidin qısa, ancaq şərəfli ömür yolu bir daha xatırlanıb.

BAKI, 18 fevral — Sputnik. Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində olub, şəhidin ailə üzvləri ilə görüşüb, məzarını ziyarət edərək önünə Müdafiə Nazirliyi adından çələng qoyub.

Şəhidin ailə üzvləri qonaqları səmimiyyətlə qarşılayıb. İgid tankçının şəxsi əşyaları, təltifləri və ona təqdim edilmiş qiymətli hədiyyələr saxlanılan xatirə guşəsi önündə şəhidin qısa, ancaq şərəfli ömür yolu bir daha xatırlanıb, Vətən üçün belə igid oğul böyüdüb, tərbiyə etdiklərinə görə valideynlərinə minnətdarlıq edilib.

Məlumat verilib ki, zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından əsgər çəkməsi geyinərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb.

Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.

© AR Ministry of DefenceValeh Məmiyevin şəkli
Hulusi Akarın məktubu yetişdi: Nazir şəhid ailəsini Türkiyəyə qonaq çağırıb – VİDEO - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Valeh Məmiyevin şəkli

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Şəhidin ailə üzvlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayan polkovnik A.Qurbani ötən ilin dekabr ayının 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” adlı tədbir barədə danışaraq qeyd edib ki, həmin tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edirdi.

Türkiyə-Azərbaycan birgə təlimlərinə həsr olunmuş fotosərgidə böyük Azərbaycan sevdalısı hörmətli Hulusi Akarın baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu tablo qarşısında onun Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq üç gün sonra şəhid olması xəbəri Türkiyənin Milli Müdafiə nazirini, eləcə də sərgi izləyicilərini son dərəcə kədərləndirmiş və Türkiyəyə qayıtdıqdan sonra hörmətli Hulusi Akar Məmiyevlər ailəsinə belə bir məktub ünvanlamışdır:

“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə

Əziz, qiymətli Məmiyevlər ailəsi,

Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı öz torpaqlarını qurtardığı 44 günlük dastana dönən mücadiləsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzmüşdür.

Baş leytenant V.Məmiyev Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.

Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaqdır. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaqdır.

“İki dövlət, tək millət” olan Türkiyə və Azərbaycan kədərdə və sevincdə birdir, bərabərdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanlarıyla sonuna qədər Azərbaycan Türkü qardaşlarımızın yanında olmağa davam edəcəkdir.

© AR Ministry of DefenceValeh Məmiyevin ailəsi
Hulusi Akarın məktubu yetişdi: Nazir şəhid ailəsini Türkiyəyə qonaq çağırıb – VİDEO - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Valeh Məmiyevin ailəsi

Şəxsən və Milli Müdafiə Nazirliyi əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbr diləyir, başsağlığı verirəm.

Münasib bir vaxtda əziz şəhidimizin qiymətli ailəsi olan Sizi Türkiyədə qarşılamaqdan məmnun olaram.

Salam və sayğılarımla, Hulusi Akar”

Şəhidin qardaşı Vüsal Məmiyev (Qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Prezident təqaüdünə layiq görülüb və universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Amerikanın nüfuzlu informasiya və texnologiya şirkətlərindən birində proqramlaşdırma üzrə komanda rəhbəri vəzifəsində çalışır) qonaqları salamlayaraq deyib:

“Ötən ilin avqustunda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərindən az sonra rayona qısamüddətli məzuniyyətə gəlmişdi. Mən də həmin gün kənddə idim. Birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçularının və bölmələrinin yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiklərindən, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarından və bu əmri səbirsizliklə gözlədiklərindən həvəslə danışırdı.

Türkiyənin Milli Müdafiə naziri hörmətli Hulusi Akarla görüş onun həyatında unudulmaz bir iz buraxmışdı.

Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi günü”ndə qardaş Türkiyənin Milli Müdafiə nazirinin Valehi şəxsən qiymətli hədiyyə ilə mükafatlandırması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mücadilədə ona uğurlar arzulaması Valehin döyüş ruhunu, qələbəyə inamını daha da yüksəltmişdi. O, cənab Hulusi Akara söz vermişdi ki, Türkiyə hərbçiləri ilə birgə təlimlərdə qazandıqları uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaqdır. Qardaşım sözünə, vədinə əməl etdi. Həm Türkiyə, həm də Azərbaycan xalqı qarşısında başımızı göylərə ucaltdı.

Valehin ilk müəllimlərindən olan İqbal Babayev vaxtilə dərs dediyi sevimli şagirdi haqqında fəxrlə danışıb.

“O, nəinki ailəsinin, kəndimizin, eləcə də Azərbaycan Ordusunun, xalqımızın adını yüksəklərə qaldıran igidlərimizdəndir. Valeh kimi şəhid oğulların sayəsində torpaqlarımızın 30 illik həsrətinə son qoyuldu. Bu gün hər birimizin başı dikdir. Biz qalib dövlətin vətəndaşı olmağımızla fəxr edirik və nə qədər Azərbaycan var, qədirbilən xalqımız var, tarixi qələbəni bizə bəxş edən şəhidlərimiz əbədi yaşayacaqlar”, - deyib.

Kənd ziyalısı Fərhad Məmiyev digər sahələrlə yanaşı, kənd cavanlarının hərbi peşələrə də böyük maraq göstərdiklərini, hazırda Azərbaycan Ordusunda ucqar dağ kəndindən 100-ə yaxın hərbi qulluqçunun xidmət etdiyini, onlardan 6 nəfərin şəhid olduğunu, mayor Elçin Mansurovun ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldüyünü nəzərə çatdırıb.

Şəhidlərin xatirəsinin əziz tutulduğu, onların ailəsinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə danışan Yardımlı rayon İcra Hakimiyyəti başçısının Kürəkçi kənd inzibati-ərazi üzrə nümayəndəsi Ruslan Əkbərov bildirib ki, Məmiyevlər ailəsi də həmişə dövlətin və Müdafiə Nazirliyinin diqqət mərkəzində olub, bundan sonra da daim diqqətdə saxlanılacağına əminik.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə baş leytenant Valeh Məmiyevin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi döyüşçüyə verilən ən yüksək qiymətdir”, - icra nümayəndəsi deyib.

© AR Ministry of DefenceValeh Məmiyevin məzarı ətrafında
Hulusi Akarın məktubu yetişdi: Nazir şəhid ailəsini Türkiyəyə qonaq çağırıb – VİDEO - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Valeh Məmiyevin məzarı ətrafında

Məzahir Eyvazov qardaş Türkiyənin milli müdafiə naziri hörmətli Hulusi Akara şəhid ailəsinə göstərdiyi diqqətə görə kənd sakinləri adından minnətdarlığını bildirib.

Türkiyənin milli müdafiə nazirinin məktubunu ehtiram hissi ilə qəbul edən şəhidin atası İsbat Məmiyev deyib:

“Yeni ilin ilk günlərində hörmətli Hulusi Akar telefon açaraq ailəmizin hər bir üzvü ilə ayrılıqda danışdı. Kədərimizə, acımıza şərik oldu, bizə təsəlli verdi. Yalnız olmadığımızı dedi. Oğlumuza və bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. İndicə aldığımız bu məktub da ailəmiz üçün böyük təsəllidir. Hörmətli Hulusi Akara bundan sonra da “iki dövlət, bir millət” arasında qardaşlığın, dostluğun və hərbi əməkdaşlığın möhkəmlənməsində uğurlar arzulayır, dəvətini məmnuniyyətlə qəbul edirik”.

Qardaş Türkiyənin milli müdafiə nazirinin Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə göndərdiyi səmimiyyətlə dolu bu məktub bütün kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi hörmətli Hulusi Akara cavab məktubu ünvanlayıblar.

Xəbər lenti
0