“YAŞAT” Fondu

Türkiyədə “YAŞAT” Fonduna ianə üçün yardım kampaniyası keçirilib

16
(Yenilənib 15:19 08.02.2021)
Yardım kampaniyasına rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika üzrə 86 mütəxəssisin ümumilikdə 140 əsəri təqdim edilib.

BAKI, 8 fevral — Sputnik. Türkiyədə onlayn satış aksiyasından əldə edilən vəsait “YAŞAT” Fonduna ianə edilib. "YAŞAT" fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilib.

Kampaniya Türkiyənin Yeditepe Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

Aksiyadan əldə edilən 90 min türk lirəsi tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə verilməsi məqsədilə “YAŞAT” Fonduna ianə edilib.

Yardımlaşma kampaniyası haqqında məlumat verən Teymur Rzayev deyib: "Bu aksiyanı keçirməmizdə əsas məqsəd nə qədər əsərin satılacağı və ya əldə edilən gəlir deyil. Məqsədimiz iki qardaş ölkə rəssamlarının Azərbaycanın haqlı davasında yanında olduğunu və həmrəyliyini nümayiş etdirməkdir. Azərbaycanın nə qədər güclü bir dövlət olduğu və hər bir vətəndaşının qayğısına qaldığı bütün dünyaya bəllidir. Buna baxmayaraq, hər kəs vətəni, torpağı üçün əlindən gələni etməyə borcludur. Bu, maddi və ya mənəvi dəstək ola bilər. Əsas olan həmrəyliyimiz, birliyimizdir.

Bizim təşkil etdiyimiz bu kampaniyada Azərbaycanla yanaşı, Türkiyənin də korifey fırça ustalarının iştirak etməsi qürurvericidir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə rəssamlarının bu həmrəyliyi bütün incəsənət aləmi üçün nümunədir”.

Yardımlaşma kampaniyasına rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika üzrə 86 mütəxəssisin ümumilikdə 140 əsəri təqdim edilib.

 

16
Teqlər:
YAŞAT Fondu
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

9
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

9
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

168
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

168