BAKI, 5 fevral - Sputnik. Fevralın 4-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir K.Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb. Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın vəziyyəti və perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən tədbirlər, səfər və görüşlər əlaqələrin qarşılıqlı faydalı olmaqla daha da genişləndirilməsinə imkan yaradır.
Görüş zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən aidiyyəti humanitar tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Hər iki nazirliyin müvafiq xilasetmə qruplarının nümayəndələri videokonfrans vasitəsilə görüşdə iştirak ediblər. Ərazilərin minalardan təmizlənməsi, habelə azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı məsələləri də müzakirə olunub.
Səfər zamanı Azərbaycan FHN-in nümayəndə heyəti Rusiya FHN-in Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
BAKI, 27 fevral — Sputnik. Fransada yaşayan yazar-tərcüməçi Dilbadi Qasımovun "Şəhər" romanı çap edilib.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında fransızca işıq üzü görmüş roman müharibənin dağıntıları altında qalmış bir şəhərdən bəhs edir. "Şəhər" - müəllifin ikinci kitabıdır.
Xatırladaq ki, Dilbadi Qasımov 1980-ci ildə Naxçıvanda doğulub. Fransada hüquq üzrə doktorantura təhsili alıb. Hazırda orada vəkillik fəaliyyəti ilə məşğuldur.
BAKI, 27 fevral — Sputnik. "Məşğulluq haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişikliklərə uyğun olaraq, həmin qanuna əsasən, işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər (təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində) bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir. İşsiz şəxslərlə yanaşı, il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur. Həmçinin tələbə və şagirdlərin valideynlərinə də peşəyönümünə dair məsləhət xidmətləri göstərilir.
Eyni zamanda, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak müqavilə əsasında 1 (bir) il müddətinə verilir.