Türkiyə mediası keçmiş sovet məkanında Azərbaycan kimi rahat işləyə bilmir

© Depositphotos.com / MacorЖурналисты за работой
Журналисты за работой - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Uzun illərdir ki, Azərbaycan və türk jurnalistləri əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Ötən ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək məqsədilə İstanbula səfər etmişdi. Səfər zamanı iki ölkə arasında  ortaq media platformasının yaradılması barədə saziş imzalanmışdı.

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiqlənib.

Hər iki tərəfdən verilən açıqlamalarda yeni yaradılmış media platformasından böyük gözləntilərin olduğu aydın görünür. Xüsusən də, xarici media resurslarında və qlobal sosial şəbəkələrdə dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması platformanın əsas fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilir.

Media Platformasının əhəmiyyətini Sputnik Azərbaycan-a şərh edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, belə bir əməkdaşlığın qurulması hər iki ölkə üçün faydalıdır: “Uzun illərdir ki, azərbaycanlı və türkiyəli jurnalistlər əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir”.

Ekspert deyir ki, Türkiyə mediasının auditoriyasının geniş olması bəllidir:

“Türkiyə mediası ABŞ, Kanada və digər qərb ölkələrində diqqətlə izlənir. Bu əməkdaşlıq imkan verir ki, Azərbaycana həqiqətləri Türkiyə mediası vasitəsilə həmin coğrafiyada yayılsın. Eyni zamanda Azərbaycan mediası da türk jurnalistlərin və ümumilikdə Türkiyə mediasının fikirlərinin keçmiş SSRİ məkanında yayılmasında köməklik göstərə bilər”.

“Biz müşahidə etmişik ki, Türkiyə mediası keçmiş sovet məkanında Azərbaycan kimi rahat işləyə bilmir ki, bunun da bəlli səbəbləri var. Media Platformasının ərsəyə gəlməsi hər iki ölkənin mediası və jurnalistləri eyni zamanda dövlət maraqları baxımından faydalı olacaq”, – deyə ekspert əlavə edib.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin fikrincə, Azərbaycana qonşu olan və eyni informasiya mühitində olan ölkələrlə belə platformaların qurulması çox vacibdir.

Professor deyir ki, Türkiyədə çoxsaylı media mənbələri var ki, dünya mediası onlara istinad edir: “Azərbaycan həqiqətlərinin həmin mənbələr vasitəsilə yayımlanması bu baxımdan ciddi rola malikdir. Digər tərəfdən, bu platforma vasitəsilə qurulacaq əməkdaşlıq Azərbaycan mediasında keyfiyyətin bir qədər də yüksəlməsinə təkan verəcək. Peşəkarlığın artırılması baxımından bu əməkdaşlığın faydalı ola biləcəyini düşünürəm. Bu platformanın yaradılmasının strateji əhəmiyyətinin olması da qeyd edilməlidir. Həm Türkiyəyə, həm də Azərbaycana qarşı aparılan informasiya müharibəsində belə bir paltformanın qurulması onun strateji tərəfini bir daha göstərir”.

Xəbər lenti
0