BMT-nin Jenevada binası yaxınlığında bayraqlar, arxiv şəkli

BMT Azərbaycana humanitar məqsədlə vəsait ayırıb

20
(Yenilənib 16:46 02.02.2021)
"Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığımızı davam etdirəcəyik".

BAKI, 2 fevral — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, "ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq": "Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik".

Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan Hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələri əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.

Bu günə kimi, BMT-nin Azərbaycandakı Ölkə üzrə İdarə Heyəti dövlət qurumları ilə birgə münaqişədən zərər çəkmiş bölgələrdə bir neçə ilkin ehtiyacların qiymətləndirilməsi missiyasını həyata keçirib və aşağıdakı sahələrdə dəstək göstərib:

Səhiyyə: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondu, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan ailələrə fərdi qoruyucu vasitələr və təcili yardım dəstləri çatdırıb, həmçinin COVID-19 və münaqişəyə görə 60 tibb müəssisəsindəki gərgin iş yükünə baxmayaraq, ilkin səhiyyə xidmətlərinin davam etdirilməsini dəstəkləyib.

Sığınacaq və əsas dəstək ləvazimatı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, çadırlar və yorğan-döşək dəstləri daxil olmaqla qeyri-ərzaq mallarını almaq üçün 1,5 milyon ABŞ dolları ayırıb və hazırda nağd ianələr üçün 400 min ABŞ dolları toplayır.

Psixoloji-sosial dəstək: Müvəqqəti köçkün olan 40,000 insanın əksəriyyəti, xüsusilə uşaqlar, hədsiz stress və narahatlıq keçirib. Tibb işçilərinin ciddi çatışmazlığı və münaqişə bölgələrində psixoloqların olmamasını nəzərə alaraq, ÜST və UNICEF xəstəxana və məktəblərdə mental sağlamlıq xidmətlərini dəstəkləmək üçün müvafiq təlimlər keçirir.

Ərazilərin minalardan təmizlənməsi: Münaqişədən zərər çəkmiş bəzi rayonlarda minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin miqyasını öyrənmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və təşkilatın Mina Əməliyyat Xidməti (UNMAS) ANAMA ilə birgə qiymətləndirmə missiyası həyata keçirib. Hazırda BMTİP, UNMAS və UNICEF mina riski barədə məlumatlılığı artırmaq, minalardan təmizlənmə strategiyasını dəstəkləmək və ANAMA-nın fəaliyyətini gücləndirmək istiqamətində Hökumətlə birgə fəaliyyət göstərirlər.

BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək ütmək üçün ən çevik və effektiv yollardan biridir. Yarandığı gündən bəri bu Fond 104 ölkə və ərazidə yüz milyonlarla insana 6,5 milyard ABŞ dollarından çox yardım edib.

20
Teqlər:
ÜST, UNICEF Azərbaycan, UNICEF, Azərbaycan hökuməti, Azərbaycan, azərbaycan, BMT Əhali Fondu, BMT
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

4
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

4

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2
(Yenilənib 00:30 06.03.2021)
Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

BAKI, 6 mart - Sputnik. Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

2