Yeni Azərbaycan Partiyasının inzibati binası, arxiv şəkli

YAP Putinin partiyasına etiraz məktubu göndərdi

1057
(Yenilənib 17:39 28.01.2021)
Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır.

BAKI, 28 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə əlaqədar "Vahid Rusiya" (Единая Россия) Partiyasına etiraz məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan üzvü Vitali Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgiləyib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə də V.Milonovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilmişdir.

Görünən odur ki, V.Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir".

YAP-ın "Vahid Rusiya" partiyasına etiraz məktubunda daha sonra bildirilir: "Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü V.Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır.

Dövlət Dumasında hakim "Vahid Rusiya" partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə bir araya sığmır.

Ümid edirik ki, "Vahid Rusiya" partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycan Respublikasına qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir".

1057
Teqlər:
Rusiya prezidenti Vladimir Putin, Prezident Vladimir Putin, Vladimir Putin, "Vahid Rusiya" Partiyası, "Vahid Rusiya"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11