Siqaretin qiyməti qalxacaq-TƏRGİDİN

© Sputnik / Murad OrujovАкциз на сигареты
Акциз на сигареты - Sputnik Azərbaycan
Abunə olmaq
"Siqaretin qiyməti baha olarsa, əlçatanlıq azalacaq və siqaret çəkənlərin sayı aşağı düşəcək" - AİB sədri.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda istehsal olunan siqaretlər və onun əvəzediciləri və elektron siqaretlər üçün mayeyə tətbiq edilən aksiz dərəcələri artırılır. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə görə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə tətbiq edilən 31 manat aksiz dərəcəsi 35 manata, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manata qaldırılacaq.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib ki, aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur:

"Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır".

O, tütün məmulatlarının aksizli malların siyahısına daxil edilməsi ilə bağlı deyib:

"Aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində ölkəmizdə ümumi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10618080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə görə 8538977 min ədədə qədər azalıb. Tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ödənişləri 2017-ci il üzrə 87909200 manat, 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473554500 manat təşkil edib. Bu baxımdan səhiyyə təşkilatlarının tövsiyələri əsasında sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların aksizli malların siyahısına daxil edilməsi təklif edilib".

İqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a bildirib ki, tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması daxili bazarda tütün məmulatlarının qiymətinin qalxmasına səbəb olacaq: "Tütün məmulatlarının qiyməti 20-30 faiz artacaq".

Пачка сигарет в кармане рубашки, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Açıq havada, kütlə arasında siqaret çəkmək olmaz - Cəriməsi 100 manatdan başlayır

O bildirib ki, Azərbaycanda 12 rayonda tütün məhsulları əkilir: "Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə 280 manat subsidiya alırlar. Bundan başqa, qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə fermerlərə 50 manat subsidiya ödənilir. Lakin bu subsidiyanın məbləği çox aşağıdır. Bu gün sahələrdən yığılan tütün daxili tələbatın heç 10-15 faizini də qarşılamır".

İqtisadçı 2017-ci ildə "Azərbaycanda tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın qəbul edildiyini deyib:

"Proqramın məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, ixracın artırılmasıdır. Lakin Proqramın icrası tam həyata keçirilməyib".

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov siqaretin qiymətinin qalxmasının tərəfdarıdır. O, Sputnik Azərbaycan-a deyib ki, biz siqaretin qiymətinin qalxmasının tərəfdarıyıq ki, ona əlçatanlıq azalsın:

""Qiymət nə qədər qalxır-qalxsın, siqaret çəkmək istəyən yenə də çəkəcək" fikri düzgün deyil. Siqaretin qiyməti baha olarsa, əlçatanlıq azalacaq və siqaret çəkənlərin sayı aşağı düşəcək. Xüsusilə elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsinin 20 manatdan 220 manata qaldırılması müsbət addımdır. Çünki elektron siqaretlər bəlaya çevrilib. Lakin bu fonda bazara külli miqdarda keyfiyyətsiz qaçaqmal siqaretlər daxil olacaq. Müvafiq qurumlar çox diqqətli olmalıdır ki, qaçaqmal siqaretlərin qarşısını alsınlar. "Azad İstehlakçılar Birliyi" də buna qarşı mübarizə aparmağa çalışacaq. Ona görə də bu iş planlı həyata keçirilməlidir".

Xəbər lenti
0