QR kod

Ani Ödənişlər Sistemində mühüm yenilik

22
(Yenilənib 17:54 27.01.2021)
Hazırda Ani Ödənişlər Sistemi platformasına 18 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azərpoçt" MMC inteqrasiya olunub

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sistemində (AÖS) "QR kod"la ödəmə funksionallığı istifadəyə verilib.

AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Ani Ödənişlər Sistemi (AÖS) ötən il oktyabrın 1-dən real rejimdə istismara verilib. AÖS-ün yaradılmasında əsas məqsəd fiziki şəxslər, biznes strukturları arasında qarşılıqlı hesablaşmaların, həmçinin dövlət orqanlarının xeyrinə aparılan ödəniş əməliyyatlarının bank hesabları üzərindən 24/7 rejimində mobil telefon nömrəsi, FİN kod, e-poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə innovativ ödəniş həllərindən istifadə edilməklə aparılmasının təmin edilməsindən ibarətdir.

Layihənin cari mərhələsində sistemin "AniPay" mobil tətbiqi istismara verilib. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd olunanlarla yanaşı, sistemin yeni istifadəyə verilmiş mobil tətbiqi vasitəsilə Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış e-kassa operatorlarından pilot olaraq seçilmiş "NBA Technologies International" şirkətinin və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə "Neptun" supermarket şəbəkələrində malların dəyərini "QR kod" vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılıb. AÖS-ün platformasında istifadə olunan "QR kod" həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir.

Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün "QR kod" effektiv ödəniş həlli hesab olunur. "QR kod" ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir. Sistemin "QR kod" ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılıb. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən "QR kod" ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə ediblər.

Qeyd edək ki, hazırda AÖS platformasına 18 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azərpoçt" MMC inteqrasiya olunub. Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və "QR kod" ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

22
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

4
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

4

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2
(Yenilənib 00:30 06.03.2021)
Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

BAKI, 6 mart - Sputnik. Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

2