İkinci beynəlxalq hava limanı Kəlbəcər ya Laçın rayonu ərazisində inşa ediləcək

46
(Yenilənib 15:53 15.01.2021)
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Sputnik Azərbaycan xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.

Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoyublar.

Sonra Prezident İlham Əliyev Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoyub.

Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyev dedi:

- Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.

Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Qarabağ Azərbaycandır!

46
Teqlər:
Leyla Əliyeva, Mehriban Əliyeva, Prezident İlham Əliyev
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

10
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

10
Bumeranq zirehli transportyoru

"Armata"dan da sürətli: Rusiyada yeni təkərli tanklar hazırlanır

12
(Yenilənib 23:52 24.02.2021)
Bu maşınlar müdafiə baxımından tırtıllı tanklardan geri qalsalar da, sürət, manevr və qət etdiyi məsafəyə görə onları əhəmiyyətli dərəcədə üstələyir.

BAKI, 24 fevral — Sputnik, Andrey Kots. "Güclü, sürətli və yaxşı müdafiə olunan "Bumeranq" vahid zirehli platforması əsasında Rusiyanın ilk təkərli tankını yaratmağa hazırlaşırlar. Perspektivli şassinin xüsusiyyətləri üzərinə "Sprut"-SD özüyeriyən silahdakı kimi hamar gövdəli topla bir silah kompleksi quraşdırmağa imkan verir," - deyə Hərbi Sənaye Şirkətinin baş direktoru Aleksandr Krasovitski izah edir.

Təkərli tankların qoşunlarda hansı yeri tuta biləcəyi barədə RİA Novosti-nin növbəti materialında.

Suriyada işə yarayacaq

Krasovitskinin sözlərinə görə, "Bumeranq" vahid təkərli platformasının işlənib-hazırlanması başa çatmaq üzrədir – onun üzərində qurulan K-16 zirehli transportyorunun dövlət sınaqlarının ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Mühəndislərin fikrincə, dizaynda elm və texnikanın ən müasir nailiyyətlərindən istifadə olunub. Əlavə planlara perspektivli BMP K-17, xüsusi təyinatlı texnika və digər vasitələrin sınağı da daxildir.

Hərbi Sənaye Şirkətinin baş direktoru bildirir ki, "Bumeranq" platforması əsasında sürətli təkərli tankın yaradılması sektor üçün problem təşkil etmir.

Sovet İttifaqında buna bənzər texnika işlənib-hazırlansa da, rus ordusunda təkərli tanklar yox idi. Təkərli tank - tam dönən bir qüllədə güclü silahla təchiz olunmuş zirehli maşınların qeyri-rəsmi adıdır. Bu maşınlar müdafiə baxımından tırtıllı tanklardan geri qalsa da, sürət, manevr və qət etdiyi məsafəyə görə onları əhəmiyyətli dərəcədə üstələyir.

"Təkərli tanklar onlar üçün uyğun zəminin olduğu ölkələrdə daha populyardır", - deyə hərbi ekspert Aleksey Leonkov RİA Novosti-yə bildirir.

"Məsələn, Afrikada. Ona görə də xüsusən CAR-da məhz təkərli tanklara üstünlük verirlər. Onların ən böyük üstünlükləri sürətində və təmirlərarası məsafənin uzunluğundadır. Əgər əsas döyüş tankları, belə demək mümkündürsə, on min kilometr məsafə qət edəndən sonra sınırsa, topla təchiz olunmuş zirehli tank yüz min kilometr yol gedə bilər", - deyə ekspert vurğulayır.

Mütəxəssisin fikrincə, Rusiya ordusu üçün bu cür tanklar dəmir yollarının ötürücülük qabiliyyətinin zəif olduğu Orta Asiya istiqamətində daha faydalı ola bilər: təkərli zirehli maşınları magistral yollara keçirmək çox asandır. Bundan başqa, belə texnika Suriyada göstərilən patrul xidmətində də əl verir. Hazırda orada hərbi polis "Tiqr" və BTR-82A zirehli maşınları ilə hərəkət edir.

Leonkov onu da qeyd etdi ki, perspektivli tank eynilə zirehli transportyor kimi su maneələrini aşmağa, həm gedə-gedə, həm də üzə-üzə atəş açmağa qadirdir. Güclü silahlanması sayəsində bu maşından həm reydlər zamanı, həm də ümumqoşun əməliyyatlarında - cinahlarda, kəşfiyyat, patrul xidmətlərində və döyüş zastavalarında istifadə edilə bilər.

İri kalibr

Təkərli texnikanın yollara daha az zərər verməsi də mühüm amillərdən biridir. Polad tank tırtıllarının ən möhkəm asfaltı belə dağıtdığı heç kimə sirr deyil. Bu səbəbdən, ağır zirehli maşınların xüsusi qoşqu-transportyorunda daşınmasını üstün tuturlar. Yükləmə və boşaltma isə çox vaxt aparır. Amma təkərli tank xüsusi hazırlıq tələb olunmadan yürüşdən birbaşa döyüşə qoşula bilər.

Xüsusi olaraq hava-desant qüvvələri üçün hazırlanmış "Sprut"-SD özüyeriyən silahında olduğu kimi perspektivli tankın da 125 mm-lik bir topa sahib döyüş bölməsi əsas silahı hesab olunur.

Avtomatik yükləyici və 40 mərmi ilə sabitləşdirilmiş 2A75 hamar gövdə T-72 və T-90 tanklarının 2A46M silahlarına bənzəyir.

Özüyeriyən tank müvafiq çapdakı hər cür sursatı, həmçinin tank əleyhinə idarə olunan raketləri atəşə tuta bilir. Döyüş bölməsinin köməkçi silahlanması 7,62 mm-lik bir PKT pulemyotu ilə birləşdirilib.

Tank və dronlar əleyhinə

Perspektivli təkərli platforma olan "Bumeranq" ilk dəfə 2015-ci ildə Qələbə bayramı münasibətilə təşkil edilmiş paradda nümayiş olundu. Bu bazadakı texnika BTR ailəsinə məxsus Sovet və Rusiya zirehli transportyorlarına nisbətən daha böyük və daha güclüdür.

Magistral yolda 750 at gücünə malik YaMZ-780 mühərriki maşını saatda 100 kilometrə qədər sürətləndirir. Mühərrik bölməsi ön hissədədir, bu isə desanta arxadan çıxıb-düşməyə imkan verir. "Bumeranq" maşınları keramik əsaslı çoxqatlı zirehə malikdir ki, bu da homogen müdafiədən daha etibarlıdır.

"Bumeranq" ailəsinin ən güclü maşını hələlik "Bumeranq"-BM uzaqdan idarə olunan universal döyüş modullu K-17 təkərli BMP-si sayılır. Silahlanması – tank əleyhinə selektiv hərbi sursat və döyüş ehtiyatı tutumu 500 mərmiyə qədər olan 30 mm-lik 2A42 avtomatik topudur. Tank əleyhinə iki idarə olunan "Kornet" raketi ilə də təchiz edilib.

Daha ciddi variant da var. K-17 üçün mümkün döyüş modullarından biri də dəqiqədə 120 atış dərəcəsi ilə 57 millimetrlik topa sahib "Baykal" AU-220M-dir.

Belə hesab olunur ki, onun mərmilərinin gücü Qərb məktəbinin bütün müasir BMP-ləri ilə mübarizə aparmaq üçün yetərlidir. Bundan başqa, 57 millimetrlik kalibr 12 kilometrə qədər məsafədə uçan ən kiçikölçülü pilotsuz uçuş aparatlarını belə məhv etməyə qadirdir.

12
Teqlər:
dron, zirehli döyüş maşını, zirehli maşınlar, zirehli texnika, tank, Rusiya