Müdafiə naziri xidməti müşavirə keçirib

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

22
(Yenilənib 19:24 29.12.2020)
Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığının səviyyəsinin artırılması üçün hərbi hissələrdə, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə döyüş hazırlığının keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməyi tapşırıb.

BAKI, 29 dekabr — Sputnik. Dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərini bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

Azad edilmiş ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Müdafiə naziri döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib.

22

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev