Yaşat fondu loqosu, arxiv şəkli

Xaricdə yaşayan iki məşhur azərbaycanlı "YAŞAT" Fondunun Himayəçilik Şurasında yer alıblar

21
(Yenilənib 17:20 29.12.2020)
"YAŞAT" Fondunun Himayəçilik Şurasında Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina da yer alır.

BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. "YAŞAT" Fondunun Himayəçilik Şurasında Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina da yer alır.

Sputnik Azərbaycan xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi "YAŞAT" Fondunda dünya azərbaycanlılarını təmsil edən Cahangir Novruzov və Məsud Aşinanı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Qeyd edək ki, Məsud Aşina Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Avropa həkimləri arasında böyük nüfuza malik olan Məsud Aşina elmi fəaliyyətinə görə Lundbeck Fondunun 5,3 milyon avro məbləğində mükafatına layiq görülən yeganə azərbaycanlı həkimdir.

Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Cahangir Novruzov da zəngin yaradıcılıq fəaliyyətinə malikdir. O, Azərbaycanda və Rusiyada peşəkar təhsil alıb, bir çox ölkələrdə Azərbaycan teatrını layiqincə təmsil edib, Şəki Dövlət Dram Teatrının quruluşçu rejissoru, Musiqili Komediya teatrının baş rejissoru, Gənc Tamaşaçılar Teatrının rus bölməsinin baş rejissoru kimi teatr sənətinə böyük töhfələr verib.

C.Novruzov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki fәaliyyәtlәrinә görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

21

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev