Yeni partiyaların maliyyə problemlərini həll etmək üçün qanuna dəyişiklik edilir

Abunə olmaq
Dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək.

BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında ""Siyasi partiyalar haqqında" qanunda dəyişiklik edilməsi barədə" məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olunub və siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürülüb.

Müzakirəyə çıxarılan sənədi çox demokratik qanun adlandıran vitse-spiker məlumat verib ki, siyasi partiyalar haqqında yeni qanun hazırlanır, parlamentdə səslənmiş fikirlər həmin qanunda öz əksini tapacaq. O qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib. Layihəyə görə, 17-1-ci maddəyə edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur.

Sonra iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ""Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsinin birinci oxunuşda plenar iclasdakı müzakirəsi zamanı rəy və təkliflərini bildirmiş olan siyasi partiya rəhbərləri Razi Nurullayev, Fazil Mustafa, Sabir Rüstəmxanlı və Tahir Kərimlinin, həmçinin deputat Məlahət İbrahimqızının fikirlərinə münasibət bildirib, bir sıra məqamlara aydınlıq gətirib. Onlayn iclasda I vitse-spiker qanunun 17-1-ci maddəsinə edilən dəyişiklikləri bir daha ətraflı şərh edib.

Komitələrin birgə iclasında deputatlar Azər Badamov və Razi Nurullayev "Siyasi partiyalar haqqında" qanuna təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər, sənədi ikinci oxunuşa tam hazır layihə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur.

Hər iki komitə üzvlərinin və siyasi partiya rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0