Milli Məclis

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub

10
2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılı ki, bu da 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur

BAKI, 21 dekabr — Sputnik. 2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub. Azərbaycan Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci il dövlət və icmal büdcənin layihələri "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.

Növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

İcmal büdcənin göstəriciləri

Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılı ki, bu da 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur.

İcmal büdcənin xərcləri 31163,4 milyon manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 faiz çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.

Dövlət büdcəsinin göstəriciləri

2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2198,8 milyon manat vəsait yönəldiləcəkdir.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11111,9 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir.

10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

10
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

10
Pyotr Velikiy ağır atom raket kreyseri, arxiv şəkli

Qərb onu əsas təhdid sayır: Rusiya donanmasının flaqmanı dəyişir

6
Modernləşdirməyə qədər “Admiral Naximov” kreyseri “Fort” S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

BAKI, 15 yanvar — Sputnik, Andrey Kots. Yeni raketlər, müasir gövdə avadanlıqları, misilsiz döyüş imkanları – Rusiya Hərbi Dəniz Qüvvələrinin flaqmanı mövqeyində "Pyotr Velikiy" kreyserinin yerini 1144 "Orlan" layihəsinin "Admiral Naximov" ağır nüvə raket kreyseri tutacaq. Bunun 2022-ci ildə baş verəcəyi gözlənilir. Modernləşdirilmiş gəminin donanmanı necə gücləndirəcəyi haqqında - RİA Novosti-nin növbəti materialında.

Birinci dərəcəli gəmilər

1144 "Orlan" layihəsinin kreyserləri təyyarə gəmilərindən sonra dünyanın ən böyük hərbi gəmiləri hesab olunur. Tonnajı – 25,8 min ton, uzunluğu - 250 metr, eni - 28,5 metrdir, heyəti - 760 nəfərdən ibarətdir.

Rusiyanın bu tipli iki vımpeli var – onlardan ikincisi olan "Pyotr Velikiy" Şimal donanmasının tərkibində fəaliyyət göstərir, lakin "Naximov" işə başlayan kimi modernləşdirməyə göndəriləcək. Hər iki kreyser, necə deyərlər, təpədən dırnağa kimi silahlanmış və istənilən hədəfi məhv etməyə qadir ağır nüvə gəmiləridir.

Standart dəstə – "Qranit" 20 P-700 gəmi əleyhinə raketləri, "Osa-M" zenit raket kompleksləri, "Kinjal" və uzaq mənzilli "Fort" S-300F raketləri, "Metel" və "Vodopad" sualtı raket-torpedaları, reaktiv bomba atanlar və avtomatik cüt lüləli AK-130 topu daxildir.

Hərəkət məsafəsi praktik olaraq məhdudlaşmayıb. Kreyserlər Uzaq Şimal şəraitində işləməyə qadirdir və Rusiyanın Arktika bölgəsindəki hərbi mövcudluğunu təmin edə bilər; bir çox analitiklər bu ərazinin yaxın gələcəkdə təbii ehtiyatlar uğrinda potensial döyüş sahəsinə çevriləcəyini istisna etmir.

Bununla belə, gəmilər tədricən köhnəlməyə başlayır. Əgər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində "Orlan"lar istənilən düşmənə müqavimət göstərə bilirdisə, indi vəziyyət dəyişib. Rusiya Müdafiə Nazirliyi birinci dərəcəli iri hərbi gəmilərin inşası ilə bağlı çətinliklərin olduğunu nəzərə alaraq, mövcud kreyserlərin modernləşdirilməsini, xüsusən də, onların yeni silahlarla təchizatını daha məqsədəuyğun hesab edir.

Hava Hücumundan Müdafiə platforması

"Admiral Naximov" 1999-cu ildə təmirə göndərilib, ancaq faktiki olaraq, kreyser üzərində işə yalnız 2013-cü ildə, nəhayət, müdafiəyə sahəsinə ciddi şəkildə vəsait ayrılandan sonra başlanılıb. Modernləşdirmə işlərinin 2018-ci ilə kimi başa çatdırılması nəzərdə tutulsa da, bu tarix bir neçə dəfə irəli çəkilib. Hələ ötən ilin may ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko məlumat vermişdi ki, ağır kreyser "Zirkon" hipersəsli raketləri ilə təchiz olunacaq ilk hərbi gəmilərdən biridir. Həmin raketlər hədəfə doğru səs sürətindən doqquz dəfə daha böyük sürətlə uçur ki, bu da onları istənilən hava hücumundan müdafiə sistemi üçün toxunulmaz edir. Mənzili 1000 kilometrə yaxındır. Beləliklə, "Zirkon" Amerikanın "Harpun" səsə qədər sürətə malik (130 kilometr mənzilli) gəmi əleyhinə raketlərini praktiki olaraq üstələyir.

"Orlan"lar hər zaman güclü hava hücumundan müdafiə sisteminə görə fərqləniblər. Modernləşdirməyə qədər "Naximov" kreyseri "Fort" S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

Müxtəlif növ zenit hərbi sursatları ilə atəşə açan bu kompleks gizli təyyarələri və digər hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri tutmağa qadirdir.

40N6 raketi 400 kilometrə qədər məsafədəki obyektləri vura bilir. "Admiral Naximov" gəmisinə 96 ədəd S-400 zenit raket kompleksi buraxılış şaxtasının yerləşdiriləcəyi güman edilir ki, bu da onun bütün dünyada hava hücumundan ən yaxşı qorunan gəmi olmasına gətirib çıxaracaq.

80 oyuq

Bundan başqa, "Kortik" yaxın zonalı hava hücumundan müdafiə sistemi daha müasir "Pantsir-ME", "Osa-M" zenit raketləri isə yeni "Redut" sistemləri ilə əvəz olunacaq.

Bununla belə, modernləşmə müəyyən qədər hücum komplekslərini də əhatə edəcək. "Admiral Naximov" "Zirkon"larla yanaşı, gəmi əleyhinə P-800 raketləri, "Oniks" və 2500 kilometrə qədər mənzilli "Kalibr" qanadlı raketlərlə silahlandırılıcaq. Onların hamısı 80 oyuqlu 3 S14 şaquli buraxılış qurğusundan atılacaq. Bu qurğunu gəmiyə montaj etmək üçün P-700 "Qranit" kompleksinin gəmidən çıxarılması lazım gəlir.

Kreyserin sualtı silahlardan müdafiə sistemi də yenilənəcək. "Admiral Naximov" qısa məsafələrdə torpedalar və sualtı qayıqlardan qoruyan "Paket-NK" kompleksi ilə də təchiz olunacaq. Bu sistemdə iki tip hərbi sursat var: MTT istilik torpedaları və M-15 reaktiv torpeda əleyhinə silahlar.

Birincisi, sualtı qayıqları 600 metrə qədər dərinlikdə 20 kilometrə qədər məsafədə vura bilir, ikincisi isə gəmiyə 1,4 kilometrə qədər və 800 metrədək dərinlikdə hücum edən torpedaları dəf etmək qabiliyyətinə malikdir.

"Paket-NK" kompleksi maksimum dərəcədə avtomatlaşdırılıb, hədəfi müstəqil olaraq aşkarlayır və təsnif edir, hərəkət parametrlərini müəyyənləşdirir, torpeda və ya torpeda əleyhinə hədəf təyinatını verir. Hər iki döyüş sursatı kifayət qədər sürətlidir – 50 dəniz mili (saatda 92 kilometr).

Aydın məsələdir ki, kreyserin elektron "içliyi" ən müasirləri ilə əvəz ediləcək və bu da gəmi heyətinin vəziyyət barədə məlumatlandırılmasını ciddi şəkildə artıracaq, eləcə də təyyarə silahlarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bununla yanaşı, kreyser inkişaf etmiş rabitə və naviqasiya, elektron döyüş sistemləri və üç təkmilləşdirilmiş "Ka-27M" göyərtə helikopterlərindən ibarət hava sistemi ilə təmin ediləcək. Bütün bu vasitələr ekipajın potensial düşmən sualtı qayıqlarını aşkar etməsini xeyli asanlaşdıracaq.

6