BAKI, 16 dekabr — Sputnik. Azərbaycanda maska taxmamağa görə cərimələr artırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcəklər.
Qeyd edək ki, hazırda isə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.
Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.
"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.