Haker, arxiv şəkli

Azərbaycanda nazirliyə qarşı kibertəxribat törədildi

16
(Yenilənib 15:28 16.12.2020)
Məlumat Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir.

BAKI, 16 dekabr — Sputnik. Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb. Məlumat Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir. Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda bildirilir ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürülüb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

16
Teqlər:
Ermənistan, kibertəhlükəsizlik, kibercinayət, kiberhücum, kiber

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev