Kənddən Şəhərə yarmarkası, arxiv şəkli

Topdansatış qiymətinə məhsullar: Bayramqabağı "Kənddən Şəhərə" qış yarmarkası keçiriləcək

11
(Yenilənib 12:46 16.12.2020)
Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.

BAKI, 16 dekabr — Sputnik. 21-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" qış yarmarkası təşkil olunacaq. Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə tam əməl olunacaq. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiya edici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

Xatırladaq ki, "Kənddən Şəhərə" qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.

Qeyd edək ki, Nərimanov rayonunda təşkil olunacaq (Gənclik metro stansiyasının yanı) yarmarka ərazisində "Aqrar Tədarük və Təchizat" ASC və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb. "Kənddən Şəhərə" qış yarmarkasının baş tutacağı digər iki ünvan isə aşağıdakılardır:

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı); Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A.

11
Teqlər:
aqrar sektor, aqrar, kənd təsərrüfatı məhsulları, Kənd Təsərrüfatı Nazirliyi, kənd təsərrüfatı yarmarkaları, bayram yarmarkaları, yarmarka

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev