BAKI, 14 dekabr — Sputnik. İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev Vətənə gətirilib.
Sputnik Azərbaycan xəbər verir ki, A.Musayev hazırda Bakıda həkim nəzarəti altındadır.
A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.
Bu gün erməni əsirliyindən azad olunaraq Vətənə gətirilən əsir və girovlar bunlardır:
Emin Baxşəliyev
Amin Musayev
Yəhya Abdinov
Şərif Əliyev
Ömər Ələkbərov
Nurəddin Yolçuyev
Bayram Kərimov
Şahbaz Quliyev
Dilqəm Əsgərov.
Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.
Bu arada 40-dan çox erməni əsirin Yerevan hava limanına endiyi bildirilib. Bu barədə qondarma "DQR"-in başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.