İtaliya Deputatlar Palatası, arxiv şəkli

İtaliya Deputatlar Palatası Qarabağla bağlı bəyanata əməl etməyə çağırır

19
Sənəddə münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü vurğulanır.

Eldar Tanrıveridyev, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Noyabrın 18-də İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyası Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı bəyanatdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sənəddə münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində 30 min insanın həlak olduğu, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü, 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə öz mövqeyini bəyan etdiyi vurğulanır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında toqquşmaların başladığı, üç humanitar atəşkəsə baxmayaraq, ən azı 5000 insanın həlak olduğu, infrastrukturlara, yaşayış məntəqələrinə və tarixi dəyəri olan abidələrə böyük ziyan dəydiyi bildirilir.

Qətnamədə 9 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən dərhal atəşkəsin əldə edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və yeni təmas xəttində Rusiya qüvvələrinin yerləşdirilməsinə çağıran Bəyanatın imzalandığı vurğulanır və bu xüsusda, İtaliya hökumətindən tərəfləri atəşkəsə və 9 noyabr bəyanatından irəli gələn digər öhdəliklərə əməl etməyə çağırması istənilir.

Qətnamədə, İtaliya hökuməti bütün maraqlı tərəflərə onların nəzarəti altında olan ərazilərə məcburi köçkünlərin geri qayıtması, insan hüquqlarının qorunması, hər bir icmanın kimliyinə, mədəni və dini plüralizmə hörmət edilməsi, tarixi-mədəni irsin bütövlüyü və mühafizəsinin təmin olunması üçün çağırış etməyə dəvət olunur.

Sənəddə, habelə İtaliya hökumətindən ATƏT-in Dağlıq Qarabağ böhranı ilə bağlı fəal rol oynamaqda çətinliklərini nəzərə alaraq, bu qurumun siyasət və mexanizmlərinin səmərəliliyinin yoxlanılmasının zəruriliyi məsələsini ATƏT-in baş qərargahında qaldırmaq, bölgənin sabitləşməsinə və yenidən qurulmasına töhfə vermək üçün Avropa və beynəlxalq institutlar ilə birgə razılaşma əsasında İtaliyanın maksimum öhdəliyini təmin etmək istənilir.

İtaliya və Avropanın enerji təhlükəsizliyi məsələsinə də diqqət çəkən Deputatlar Palatası hökuməti İtaliya və Avropaya bağlanan neft və qaz boru kəmərlərinin enerji nəqlinin müntəzəmliyini təmini məqsədilə region ölkələrinə müraciət etməyə çağırır.

19
Teqlər:
işğal, Dağlıq Qarabağ məsələsi, İtaliya, Üçtərəfli bəyanat

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

10
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

10

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

2
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

2