WhatsApp mesenceri, arxiv şəkli

Nazirlikdən "WhatsApp" istifadəçilərinə xəbərdarlıq

51
(Yenilənib 15:18 16.11.2020)
Kiberdələduzlar istifadəçiləri "tələ"yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara "WhatsApp" üzərindən saxta mesajlar göndərirlər.

BAKI, 16 noyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "WhatsApp Inc." şirkəti adından həyata keçirilən "fişinq" kampaniyaları barədə xəbərdar edir. Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, belə ki, kiberdələduzlar istifadəçiləri "tələ"yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara "WhatsApp" üzərindən saxta mesajlar göndərir. Göndərilən mesajlarda istifadəçinin mobil nömrəsinin guya "WhatsApp" tərəfindən "COVID-19"- la bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyü bildirilir. Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini process@intldraws.com elektron poçt ünvanına göndərməsi istənilir.

Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə "WhatsApp Inc." adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir.

Məlumatlarını təqdim edən istifadəçiyə fərqli e-poçtdan (programintl.info@gmail.com) saxta hədiyyə sertifikatı göndərilir və bank əməliyyatlarının aparılması üçün remittance@creditsunion.cc e-poçtuna mesaj yazması bildirilir. Həmin e-poçta cavab olaraq saxta "Credit Union Bank" tərəfindən köçürmənin edilməsi üçün istifadəçidən bank hesabı məlumatlarını və şəxsiyyət vəsiqəsini təqdim etməsi istənilir. İstifadəçi həmin məlumatları təqdim etdikdə məlumatlar kiberdələduzun əlinə keçir və digər bədniyyətli əməllərin həyata keçirilməsində istifadə edilir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

51
Teqlər:
mesaj, sayt, şəxsiyyət vəsiqəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

4
Dəmiryol Xətti, arxiv şəkli

Bərdədən Ağdama qatarlar işləyəcək

2
Ümumi uzunluğu 45 km olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları”na ilkin olaraq 5,0 (beş) milyon manat ayrılacaq

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

2
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, layihə, tikinti, dəmiryolu, Ağdam, Bərdə