Məktəbəqədər təhsil qrupu, arxiv şəkli

Məktəbəqədər təhsil ləğv oluna bilərmi?

44
(Yenilənib 23:58 04.11.2020)
"Lakin vəziyyət yaxşılığa doğru getməsə, məktəbəqədər təhsilin ləğvi məsələsi müzakirə mövzusu ola bilər" - Kamran Əsədov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. "Məktəbəqədər təhsilin distant forması yoxdur. Ümumiyyətlə, distant təhsilin məktəbəqədər yaşda olan uşaqlar üçün tətbiqi faydasızdır. Bütövlükdə isə deyim ki, yaranmış vəziyyətlə əlaqədar olaraq hələlik məktəbəqədər təhsilin ləğvi ilə bağlı qərarın verilməsinə ehtiyac yoxdur".

Bu sözləri Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O qeyd edib ki, vəziyyət yaxşılaşarsa, o zaman cari ildə məktəbəqədər təhsil də bərpa oluna bilər. Ekspert bu səbəbdən də məktəbəqədər təhsillə bağlı tələsik qərarın verilməsinin tərəfdarı olmadığını vurğulayıb: "Lakin vəziyyət yaxşılığa doğru getməsə məktəbəqədər təhsilin ləğvi məsələsi müzakirə mövzusu ola bilər".

Digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında buraxılış imtahanları və təhsil prosesindəki müxtəlif problemlər haqda danışıb:

"2020-ci ilin martınadək şagirdlər demək olar ki, 2019-2020-ci il tədris planını 60-70 faiz mənimsəmişdilər. Lakin yeni tədris ilinin bu formada başlaması o qədər də effektli deyil. Konkret rəqəmlərə baxsaq, deyə bilərək ki, yalnız 640 min şagird 15 gün dərsə gedə bildi. Geridə qalan 1 milyondan çox şagird isə tədris planından uzaqda qalmışdı. Tədris prosesi başladıqdan sonra pandemiya artdı".

Əsədov 27 sentyabrdan etibarən ölkədə internetin verilməsində də ciddi məhdudiyyətlərin olduğunu xatırladıb. Qeyd edib ki, bu səbəbdən də şagirdlər onlayn dərslərdə iştirak edə bilmirlər.

"Problemin aradan qaldırılması üçün Təhsil Nazirliyi Azərbaycanın milli platformasını, "Video Konfrans" platformasını yaratmalı idi ki, insanlar xarici proqramlardan istifadə etməsinlər. Çünki hazırda "Micrasoft Teams" əlçatan bir proqram deyil", - deyə K.Əsədov bildirib.

Ekspert bizim cəbhəyanı ərazilərdə 1300-dən artıq məktəbin olduğunu, hazırda həmin ərazilərin sakinlərinin normal şəraitdə yaşaya bilmədiklərini vurğulayıb:

"Erməni terrorçuları Gəncə, Bərdə, Tərtər kimi ərazilərimizi də daima atəşə tuturlar. Bu ərazilərdə insanların psixoloji vəziyyəti də ürəkaçan deyil. Bu səbəbdən düşünürəm ki, onlayn təhsil istənilən effekti verməyəcək. Bu vaxt ərzində nazirlik özünün elektron resurslarını hazırlamalı idi ki, proqram təminatına ehtiyac olmadan şagirdlər və müəllimlər bu resurslardan yararlana bilsinlər. Düşünürəm ki, teledərslərin də formatı dəyişilməlidir".

Əsədovun sözlərinə görə, 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı da çox vacib bir məqam var. Sentyabrdan dərslərin keçirilməməsi o deməkdir ki, şagirdlərimiz bir çox mövzuları mənimsəməyiblər. Bu səbəbdən də 2021-ci ildə buraxılış və qəbul imtahanlarının formatında ciddi dəyişikliyə ehtiyac var.

"Digər əsas məqam isə təhsil haqqı ilə bağlıdır. Ali təhsil məktəbləri dərs keçmədikləri, öhdəlikləri yerinə yetirə bilmədikləri halda öncəki ildəki təhsil haqqını tələb edirlər. Bu səbəbdən də düşünürəm ki, təhsil haqqına yenidən baxılmalı və bu, azaldılmalıdır", - deyə K.Əsədov əlavə edib.

44

Prezident: “Qələbə imkan verdi ki, Ağdam, Kəlbəcər, Laçın bir şəhid vermədən azad edilsin”

2
(Yenilənib 10:17 24.11.2020)
İlham Əliyev qeyd edib ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq.

BAKI, 24 noyabr - Sputnik. “Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, biz Ağdama qayıtmışıq: “Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

Prezident qeyd edib ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq: “Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

2
Teqlər:
Azərbaycan bayrağı, Qarabağ müharibəsi, Ağdamın azad olunması
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

2
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

2
Teqlər:
rejissor, film, Ancelina Coli