Maksa taxmış qız, arxıv şəkli

"Uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir" - Nazirlik

10
(Yenilənib 18:44 03.11.2020)
Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupunun üzvü Sevda Məmmədova "814" Çağrı Mərkəzinin iş qrafiki haqqında danışıb.

BAKI, 3 noyabr — Sputnik. Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibəsinin əvvəlində cari ilin iyul ayından etibarən xidmət göstərən "814" Çağrı Mərkəzinin iş qrafikindən məlumat verib. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, nazirlik rəsmisi bildirib ki, hazırda mərkəz bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 6-dək zəngləri qəbul etməkdədir. Sutkanın qalan saatlarında işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.

Sevda Məmmədovanın verdiyi məlumata əsasən, bu ilin avqust və sentyabr aylarının hər birində "814" nöməsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb. Sevda xanım Çağrı Mərkəzinin iş prosesindən də xəbər verib: "Daxil olan müraciətlərin 90 %-i dəyərləndirilib, Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilir. Bundan sonra sahə məntəqələri bu müraciətləri rəsmiləşdirib, xəstələrin vəziyyətini dəyərləndirmək üçün sahə həkimlərinə yönləndirilir. Sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayıb, COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir. Müraciətlərin həmin qalan 10%-i, əsasən, ağır simptomlu və hərarəti 38°C-dən yüksək olan xəstələr dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yönləndirilir".

Sevda Məmmədovanın sözlərinə görə, yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal "814" Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. O testin nəticələri pozitiv olan təqdirdə həmin şəxs təcrid olunmanın, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacib olduğunu vurğulayıb. O, testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşların xüsusi vitamin kompleksi ilə təmin olunmasını da bildirib. Onun qeyd etdiyinə görə, sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Bundan sonra işçi qrupunun üzvü xüsusi vurğulayıb ki, evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin, ölkəmizdə 8000-dən artıq evdə müalicə almış COVID-19 xəstəsinin vitamin kompleksi ilə təmin olunduğu da qeyd olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Sevda Məmmədova, həmçinin, söyləyib ki, bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir.

İşçi qrupunun üzvü 12 yaşdan kiçik olan uşaqların müalicəsi prosesi haqqında söhbət açıb. Onun söylədiyi kimi, uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür. Xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında tutulub, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir. "Onu da qeyd etmək lazımdır ki, uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir" – deyə Sevda Məmmədova fikrini tamamlayıb.

S.Məmmədova son günlər ərzində COVID-19 üzrə statistikanın artmasının xəstələnmə riskinin yüksəlməsinə gətirəcəyini bildirib. İşçi qrupunun üzvü koronavirusa qarşı ehtiyat tədbirinə riayət etməyin tələb olunduğunu xüsusi vurğulayıb, virusdan qorunmağa aid olan bir neçə tövsiyəsini bölüşüb: "Hərarət, öskürək və ya tənginəfəslik olarsa, dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq".

10

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8