Facebook sosial şəbəkəsi

Rəsmi Bakı "Facebook"a müraciət etdi: "Azərbaycanlıların profilləri kütləvi bloklanır"

35
(Yenilənib 16:23 28.10.2020)
Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb.

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook Inc" şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə son zamanlar "Facebook" və "Instagram" sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılır.

Məktubda 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb.

"Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir", - müraciətdə deyilir.

Həmçinin, hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib.

Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanır.

Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir.

"Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək", - deyə müraciətdə bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook" şirkətinə ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.

35
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

2
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

 

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

2
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL