Bütün dövrlərin ən qorxulu dəhşət filmi müəyyənləşdi

© Photo : Automatik Entertainment / Blumhouse Productions / Possessed Pictures / Alliance Films / 2012Кадр из фильма Синистер
Кадр из фильма Синистер - Sputnik Azərbaycan
Abunə olmaq
Elmi araşdırmanın nəticəsinə görə, bu filmi izləyən tamaşaçıların nəbzi sürətlənərək dəqiqədə 131 dəfə vurub.

BAKI, 21 oktyabr — Sputnik. Aparılan elmi araşdırma nəticəsində bütün dövrlərin ən qorxulu dəhşət filminin "Lənət" olduğu ortaya çıxıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, həyata keçirilən xüsusi elmi layihə çərçivəsində üzərində təcrübə aparılan şəxslərə kino tənqidçilərinin siyahısı və tövsiyələri nəzərə alınaraq müxtəlif qorxu filmləri göstərilib. Onlar filmləri izləyərkən ürək döyüntüləri ölçülüb. Elmi təcrübənin nəticəsində baş rolda məşhur Hollivud aktyoru İtan Houkun oynadığı "Lənət" filmi insanlarda ən çox dəhşət doğuran film seçilib.

"Broadbandchoices" adlı texnologiya şirkətinin gerçəkləşdirdiyi elmi layihə zamanı müxtəlif yaş qruplarından olan 50 nəfərə 120 saatdan çox dəhşət filmi izlədilib. Layihəyə cəlb olunmuş mütəxəssislər həmin müddətdə tamaşaçıların ürək döyüntülərini ölçərək indiyə kimi ekranlaşdırılmış dəhşət filmləri arasından 35 ekran işini müəyyən ediblər. Əldə olunan nəticəyə görə, tamaşaçılar "Lənət"i ("Sinister"-ing.) izləyən vaxt onların nəbzi digər filmlərə nisbətən 32 faiz daha sürətlə vurmağa başlayıb. Filmin ən dəhşətli anında isə tamaşaçıların nəbzi bir dəqiqədə 131 dəfə vurub ki, belə sürətli ürək döyüntüsü də yalnız qaçaraq mahnı oxuyan zaman qeydə alına bilər.

Qeyd edək ki, rejissor Skott Deriksonun ekranlaşdırdığı "Lənət" filmi 2012-ci ildə lentə alınıb və kriminal əsərlər yazan Ellison Osvalt adlı yazıçının növbəti kitabı üçün material toplamaq məqsədilə köçdüyü evdə başına gələn dəhşətli hadisələrdən bəhs edir. O, çardaqdan tapdığı video-kaseti izləyərək ən qorxulu cinayət hadisələrindən xəbər tutur. Bu cinayətləri araşdırmağa qərar verən yazıçı özü də istəmədən ailəsini qatilin növbəti qurbanına çevirir.

Filmdə İtan Houkla yanaşı, Culyet Raylans, Ceyms Renson, Fred Tompson və Vinsent Donofrio kimi aktyorlar da çəkiliblər. Büdcəsi 3 milyon dollar olan "Lənət" filmi ekranlara çıxdığı il 82,5 milyon dollar gəlir gətirib.

Xəbər lenti
0