Xalça, arxiv şəkli

"Qarabağ xalçasını xaçla saxtalaşdırmaq mümkün deyil"

156
(Yenilənib 20:00 14.10.2020)
AMEA-nın "Xalçaşünaslıq" sektorunun müdiri, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov Qarabağ xalçaçılığının Azərbaycan xalça sənətinin ayrılmaz hissəsi olduğunu sübut edən tədqiqatlardan söz açıb.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Ermənilər yalnız Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki torpaqlarına deyil, maddi-mənəvi sərvətlərinə, o cümlədən Qarabağ xalçalarına da əl uzadırlar. Bununla belə, erməni tərəfi əsassız iddiaları ilə Qarabağ xalçaçılığının tarixini saxtalaşdırmağa, onu tarixi köklərindən ayırmağa nail ola bilmir.

Bu barədə AMEA-nın "Xalçaşünaslıq" sektorunun müdiri, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

© Photo : Nasimi Babaev
AMEA-nın "Xalçaşünaslıq" sektorunun müdiri, tarix üzrə elmlər doktoru, professor Vidadi Murado

Onun sözlərinə görə, Qarabağ öz təbiəti, relyefi, iqlimi, yeraltı-yerüstü sərvətləri, zəngin tarixi keçmişi, maddi-mənəvi mədəniyyət nümunələri ilə yalnız Azərbaycan cəmiyyətinin deyil, bütünlükdə dünyanın, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Mənfur qonşularımız Qarabağdakı torpaqlarımızı işğal etdikləri kimi Qarabağ xalçalarına da göz dikir, bu sənət nümunələrini öz adlarına çıxmağa çalışırlar:

"İndiyədək dərc etdirdiyimiz kitablarda, jurnallarda, həm yerli, həm də xarici mətbuat səhifələrində, televiziya çıxışlarında, telefilmlərdə ermənilərə, onların qərəzli və yalan iddialarla çıxış edən havadarlarına öz sözümüzü demişik. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahə institutları, strukturları bu istiqamətdə mühüm işlər görüb. Bu proses indi də fundamental elmi araşdırmalar səviyyəsində uğurla davam edir".

Muradov bildirib ki, AMEA-nın nəzdində 2016-cı ildə yaradılmış "Xalçaşünaslıq" sektorunun əsas tədqiqat istiqamətlərindən biri də məhz Qarabağ xalçaçılığının öyrənilməsidir. Aparılan tədqiqatlar zamanı Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonların 500 xalçaçılıq məntəqəsi üzrə XIX əsrin sonundan müasir dövrümüzədək 2000 nəfərə yaxın xalçaçı, 30 nəfər xalça taciri, 40 nəfər boyaqçı, XIX əsrin ortalarından XX əsrin ortalarınadək toxunmuş 450 ədəd müxtəlif ölçülü xalça və xalça məmulatı haqqında məlumatlar toplanıb, foto və video çəkilişlər aparılıb. Onun sözlərinə görə, bu rayonların əksəriyyəti ermənilər tərəfindən işğal olunduğundan, tədqiqatlar məcburi köçkünlərin məskunlaşdıqları əraziləri əhatə edib. Həmin tədqiqatlar nəticəsində Qarabağ xalçaçılığının tarixi əsasları, texniki göstəriciləri, bədii xüsusiyyətləri ilə Azərbaycan xalçaçılığının ayrılmaz hissəsi olduğu, bu sənətin Qarabağın yerli türk əhalisi tərəfindən yaradıldığı və inkişaf etdirildiyi bir daha sübut edilib. Muradovun fikrincə, bu cür əyani tədqiqat materialları ilə Qarabağ xalçaçılığına dair erməni yalanlarının qarşısını almaq mümkündür:

"Qarabağda ermənilərin kompakt halda məskunlaşdırılma tarixi XIX əsrin ortalarından başlayırsa, onlar XVIII əsrin sonlarında artıq bütün ana kompozisiyalarının formalaşdığı, texniki standartlarının təkmilləşdiyi Azərbaycan, həmçinin Qarabağ xalçaçılığına qarşı hansı iddianı irəli sürə bilirlər?"
© Photo : Courtesy of Vidadi Muradov
Qarabağ xalçası
Muradovun sözlərinə görə, Qarabağın həmişə dəbdə olan xalça çeşniləri kütləvi şəkildə dünya bazarlarına Azərbaycan, Qarabağ məhsulu kimi çıxarılıb, onların geniş ticarəti aparılıb, yerli xalçaçılarımız yaxın və uzaq xaricdən sifarişlər əsasında xalçalar toxuyublar. Və heç kim həmin xalçaların Azərbaycana aid olmasına şübhə, tərəddüdlə yanaşmaq haqqında düşünməyib. Çünki Azərbaycan xalçası sistemli və bitkin kompleksdir. Bu xalçaların iplərinin boyanmasından tutmuş, naxış, kompozisiya, ölçü və forma seçiminə kimi heç bir elementini təsadüfi hesab etmək olmaz:
"Bizim xalçaçılar milli düşüncəmizi, zövqümüzü, türkçülüyümüzü əks etdirən elementləri xalçalara ilmə-ilmə işləyiblər. Qarabağın mahir xalça ustalarından xalça toxumağı, hətta xalça təmir etməyi, onun ticarətini aparmağı öyrənən ermənilərin isə bu gün xalça toxumaqları heç kimə təəccüblü görünməsin. Xalçaçılıq kimi gəlirli bir peşəni qarabağlılardan öyrənmək, təbii ki, ermənilərin maraqlarına uyğun məsələdir. Digər tərəfdən, bu, xalqımızın alicənablığını, qonşuya xoş münasibətini, yardımsevərliyini göstərir. Lakin ermənilər bu xoş münasibətdən sui-istifadə edərək, bizim xalçalarımızı mənimsəyir, öz adlarına çıxmağa çalışırlar. Lakin Azərbaycan xalçası erməni əlifbasından bir hərf, yaxud bir xaç əlavə edilməklə pozulacaq, "erməniləşdiriləcək" qədər zəif struktura sahib deyil. Qarabağ xalçasına sonradan edilən bütün dəyişikliklər yamaqdan, uğursuz əlavədən başqa bir şey deyil. Və bu saxta əlavələri sənət tarixi, ticarət tarixi heç vaxt qəbul etməyəcək".

Muradov onu da bildirdi ki, Qarabağ xalçası uğrunda mübarizə 30 illik işğal müddətində bir gün də olsun dayandırılmayıb: "O torpaqlardan didərgin düşmüş insanlar evlərindən ən qiymətli yadigar kimi xalçalarını çıxara biliblər. Maddi çətinliklərə baxmayaraq, həmin insanlar bu dəyərli xalçaları satmayıb, doğma yurdun yadigarı kimi qoruyub saxlayıblar. Biz tədqiqatlarımız zamanı həmin xalçaları, xalça məmulatlarını gördük".

© Photo : Courtesy of Vidadi Muradov
Qarabağ xalçası

Sektor müdiri bildirdi ki, hazırda Azərbaycan dövlətinin Ağdamda, Füzulidə, Tərtərdə və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə yaratdığı xalçaçılıq emalatxanalarında yüzlərlə qarabağlı qadın Qarabağ xalçası toxuyur. Bu xalçalar bütün dünyaya Qarabağ, Azərbaycan adı ilə ixrac olunur. Eyni zamanda, beynəlxalq xalça ekspertləri, dünya muzeyləri, məşhur kolleksiyaçılar və alimlərlə Azərbaycana, Qarabağa aid xalçaların düzgün adlandırılması ilə bağlı danışıqlar aparılır:

"Məqsədimiz heç də Azərbaycan xalçasının başqaları tərəfindən toxunmasını qadağan etmək deyil. Xalça Azərbaycanın milli nailiyyətidir və bu sənətdən digər xalqların yararlanması bizi sevindirir. Bununla belə, Azərbaycan çeşnisi ilə toxunan hər hansı bir xalçanın başqa xalqın adına çıxarılmasına, yanlış adlandırılmasına yol verilə bilməz. Bu yolda göstərdiyimiz bütün səylər də elə bizim Qarabağ uğrunda apardığımız mübarizənin bir hissəsidir".

156
Bakıda maska taxmış şəxs

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

6
"Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq".

BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemtyası ilə bağlı əhaliyə müraciət edib.

Sputnik Azərbaycan həmin müraciəti təqdim edir:

"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

6
Bakıda yağışlı hava

Sabah yağışlı dumanlı hava gözlənilir

1
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1