Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə

"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - Müdafiə naziri

9
Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

9
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib

7
(Yenilənib 22:19 31.10.2020)
Ərdoğan təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

BAKI, 31 oktyabr - Sputnik. Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün Seferhisar rayonuna gedərkən bildirib. 

O qeyd edib ki, yaralılardan 667-si evə buraxılıb, 218-nin isə müalicəsi davam edir. Dağıntılar altında qalan 103 nəfər xilas edilib.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının ödənməsi üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

7
Teqlər:
İzmir şəhəri, İzmir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

28
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

28