İnsanlar su üçün növbəyə dayanıblar, arxiv şəkli

Su qıtlığı gözlənilir - dörd min il yaşı olan qranit lövhədə bu barədə yazılıb

31
(Yenilənib 23:40 18.09.2020)
Alimlər su çatışmazlığını həm əhali artımı, həm də Efiopiya tərəfindən Mavi Nil üzərində inşa edilən nəhəng bir hidroelektrik stansiyanın inşası ilə əlaqələndirirlər.

BAKI, 18 sentyabr — Sputnik. Misir arxeoloqları dörd min ildən çox tarixi olan qranit lövhə aşkarlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bir çox alimə görə, kitabə bu gün də təkrar ola biləcək qədim kataklizmdən bəhs edir.

Mətnə görə, Firon Djoser dövründə (e.ə. 2665-2645) Nil daşqını dayanır və ölkə yeddi illik quraqlığa məruz qalır. Baş verən anomaliya böyük aclığa səbəb olub.

Firon bir məclis çağırır və kahinlər ona Nil tanrısı - Xnuma qurban verməsini tövsiyə edir. Həmin dövrlərdə Xnumun axınları idarə etdiyinə inanılırdı.

Alimlər yenidən Misirdə quraqlığın baş verə biləcəyindən qorxurlar. Çünki bu çay şirin su ehtiyatlarının 90 faizini təmin edir. Ancaq son illərdə çay getdikcə kiçilir.

Qeyd edək ki, Misirdə hazırda adambaşına ildə 570 kubmetr su düşdüyü təxmin edilir. Mütəxəssislər, su ehtiyatları 1000 kubmetrdən az olan ölkələri quraq hesab edirlər. Yerli sakinlər də Nilin yay və qış aylarında əvvəlki səviyyəsinə çatmadığını təsdiqləyirlər.

Alimlər su çatışmazlığını həm əhali artımı, həm də Efiopiya tərəfindən Mavi Nil üzərində inşa edilən nəhəng bir hidroelektrik stansiyanın inşası ilə əlaqələndirirlər.

Efiopiya səlahiyyətliləri Misir və Sudanın ehtiyaclarını nəzərə aldıqlarına əmin olsalar da, hidroelektrik enerji layihəsi qonşu ölkələrin böyük narahatlığına və tənqidinə səbəb olub.

31
Xudafərin körpüləri

MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar

6
(Yenilənib 18:35 20.10.2020)
"Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır" - Azərbaycan MN

BAKI, 20 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

"Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır", - açıqlamada bildirilir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

6
Teqlər:
Füzuli, Cəbrayıl, Qarabağ, "Xudafərin körpüsü", Xudafərin, Müdafiə Nazirliyi
Əlaqədar
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Bakubus avtobusu, arxiv şəkli

Pik saatlarda paytaxta ehtiyat avtobuslar cəlb olunub

2
(Yenilənib 18:19 20.10.2020)
Axşam pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərinə ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobuslar cəlb olunub.

BAKI, 20 oktyabr — Sputnik. Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub. Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib:

"Zərurət olduqca daşımalara əlavə avtobuslar cəlb olunacaq. Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

2