Limanda konteynerlər, arxiv şəkli

Bəzi mallara gömrükdə güzəştlər edilir

7
(Yenilənib 19:12 11.09.2020)
Quş yumurtası, təbii bal, qabığı təmizlənmiş, həmçinin emal olunmuş fındıq, xurma, nar, zeytun yağı, unlu qənnadı məmulatları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə və tərəvəzlər və s. ixrac təşviqi şamil olunan mallara aid edilir

BAKI, 11 sentyabr — Sputnik. Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdəndir. Son illər ərzində aparılan islahatlar, tətbiq edilən stimullaşdırıcı mexanizmlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına əlavə imkanlar yaradıb.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu sahədə tətbiq edilən mexanizmlərdən biri də ixracın təşviqi mexanizmidir. Belə ki, "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 1 mart 2016-cı il tarixli Fərmanına uyğun olaraq, ölkə ərazisində istehsal edilən və istehsal prosesində istifadə olunan yerli komponentlərin, qeyri-neft məhsullarının dəyərindən, habelə ixrac olunan məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilmiş gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ixracatçıya ödənilməsi mexanizmidir. İxrac təşviqi geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycanın gömrük ərazisindən çıxarılmaqla faktiki ixrac edilən bir sıra qeyri-neft məhsullarına şamil olunur.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixrac təşviqinin ödənilməsi qaydası, baza məbləğinə tətbiq olunan əmsallar və ixrac təşviqi aid olan qeyri-neft məhsullarının siyahısı təsdiq edilib. Həmin siyahıya əsasən, quş yumurtası, təbii bal, qabığı təmizlənmiş, həmçinin emal olunmuş fındıq, xurma, nar, zeytun yağı, unlu qənnadı məmulatları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə və tərəvəzlər, onlardan şirələr, alkoqollu və alkoqolsuz içkilər, Naftalan mazı, təbii dəridən geyim əşyaları, ayaqqabı və digər məmulatlar, əllə toxunmuş xalçalar, ipək parçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları ixrac təşviqi şamil olunan mallara aid edilir. İxrac təşviqinin baza məbləği ixrac olunmuş məhsulların dəyərinin 3 faizini təşkil edir və ona 1-2 arasında dəyişən əmsallar tətbiq edilməklə ödənilir. Yəni, ixrac olunmuş malın gömrük dəyərinin 3-6 faizi ixracatçıya ödənilir. Məsələn; əgər ixracatçı 100 min manat ekvivalentində meyvə-tərəvəz məhsulu ixrac edibsə, ona 3 min manat, eyni məbləğdə təbii üzüm şirəsi ixrac edildiyi halda isə, 6 min manat vəsait ödənilir.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi məqsədilə sahibkarlardan daxil olan 634 müraciətə baxılıb və onlardan 627-nə məktub-sərəncam verilib. Bu dövr ərzində ixrac olunmuş məhsulların dəyəri 111 mln. dollar, ixrac təşviqinin məbləği isə 6,3 mln. manat təşkil edib. Bu dövrdə ixrac təşviqi mexanizmindən 80 sahibkarlıq subyekti yararlanıb və dünyanın 20 ölkəsinə ixrac təşviqi şamil edilən Azərbaycan istehsalı olan qeyri-neft məhsulları ixrac edilib.

İxracına görə ixrac təşviqi ödənilmiş məhsullar arasında qabığı təmizlənmiş meşə fındığı, təzə xurma və nar, şərablar və digər spirtli içkilər, konserv məhsulları, şirələr, mürəbbələr, souslar, pambıq ipliyindən hazırlanan məmulatlar üstünlük təşkil edib.

Məlumat üçün bildirək ki, 1 mart 2016-cı il tarixindən tətbiq edillən ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində 2.947 müraciət daxil olub, aparılan araşdırmalardan sonra 2.883 məktub-sərəncam verilib. Bu dövr ərzində 365 mln. ABŞ dolları dəyərində ixrac olunmuş məhsullara görə sahibkarlıq subyektlərinə 23,2 mln. manatdan çox ixrac təşviqi ödənilib. İndiyədək ixrac təşviqi mexanizmindən yararlanan sahibkarlar 145 sahibkar öz məhsullarını Almaniya, ABŞ, Böyük Britaniya, İsrail, İsveç, İtaliya, Kanada, Küveyt, Avstraliya, Belçika, BƏƏ, Cənubi Koreya, Belarus, Çexiya, Çin, Fransa, Yaponiya və digər ölkələrə ixrac ediblər.

İxrac təşviqi mexanizmi iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi, yaradılmış ixrac potensialından daha səmərəli istifadə olunması, ixracatçıların məhsullarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif etmək imkanı yaradır. Hazırda ixrac təşviqinin ödənilməsi prosesinin elektronlaşdırılaraq müvafiq məlumat bazalarına inteqrasiya olunması hesabına ixracatçılar üçün daha rahat, həmçinin ödənilmiş vəsaitlərin səmərəli istifadəsinin təmin olunması baxımından daha səmərəli mexanizm kimi təkmilləşdirilməsi üzərində işlər aparılır.

7
Teqlər:
ixrac, qeyri-ərzaq malları, ərzaq malları, aksizli mallar, gömrük
Bakı, Bayraq meydanı, Kristal zalı

Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"

3
(Yenilənib 11:09 26.10.2020)
Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. "26 oktyabr tarixində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada bildirilir.

"26 oktyabr tarixində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.

Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur; 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir.

Görünür, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir.

Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir.

Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir", - deyə açıqlamada bildirilir.

3
Teqlər:
atəşkəs, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN
Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir
Lavrov: "Moskva Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşıdır"

Lavrov: "Moskva Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşıdır"

19
Hər iki xalqı – erməni və Azərbaycan xalqını dost və qardaş xalq olaraq nəzərdən keçirdiyimizdən biz bu cür yanaşmanı bölüşə bilmərik

BAKI, 26 oktyabr — Sputnik. Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşıdır və bütün xarici oyunçuları hərbi ssenarini təşviq etməkdən çəkinməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Afina və Makedoniya Xəbərlər agentliyinə" müsahibəsində bildirib.

"Bu problemin hərbi yolla həlli imkanı və mümkünlüyünə dair mövqeyi dəstəkləmədiyimizi gizlətmirik. Hər iki xalqı – erməni və Azərbaycan xalqını dost və qardaş xalq olaraq nəzərdən keçirdiyimizdən biz bu cür yanaşmanı bölüşə bilmərik", - deyə Lavrov qeyd edib.

O xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri olaraq Rusiya, ABŞ və Fransa aydın şəkildə "yalnız siyasi yolla nizamlanmanın lehinə" çıxış ediblər.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

Oktyabrın 25-də Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilib.

19
Teqlər:
Sergey Lavrov, Rusiya, atəşkəs, ATƏT-in Minsk qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir
Prezidentin köməkçisi: "Məsuliyyət Ermənistanın üzərinə düşür"
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN