Sənədin imzalanması

Kənd Təsərrüfatı Nazirliyi qalmaqallı xəbərə aydınlıq gətirdi

19
(Yenilənib 10:41 04.09.2020)
Baş nazir Əli Əsədovun imzaladığı 319 saylı Qərar pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsini nəzərdə tutmur

BAKI, 4 sentyabr — Sputnik. Baş nazir Əli Əsədovun imzaladığı 319 saylı Qərar pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsini nəzərdə tutmur.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər.

Kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsi hazırda Azərbaycan Prezidenti İlham Əliyevin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə tənzimlənir. Həmin Fərmanla təsdiq edilən vahid qaydaya uyğun olaraq ölkəmizdə bitkiçilik və heyvandarlıq üzrə 6 növ subsidiya üzrə ödənişlər bu il yanvarın 1-dən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən fermerlərə subsidiya verilməsinə dair Nazirlər Kabinetinin əvvəlki qərarları, mövcud hüquqi-normativ aktlar yeni Fərmana uyğunlaşdırılır. Bu, hüquqi prosedurdur və Nazirlər Kabinetinin aqrar sahəyə dövlət dəstəyinin nəzərdə tutan bir sıra qərarların ləğvinə dair son qərarı bu uyğunlaşma ilə əlaqədardır.

Artıq bu il dövlət tərəfindən payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilib, digər kateqoriya subsidiyaların, o cümlədən arıçılığa görə subsidiyaların ödənilməsi hazırda davam edir. Sosial şəbəkələrdə Nazirlər Kabinetinin son qərarının subsidiyaların ləğv edilməsi kimi şərh olunması yanlışdır və bunun heç bir hüquqi əsası yoxdur.

Aqrar Subsidiya Şurasının 02 sentyabr 2019-cu il tarixli qərarına görə, fermerlərə emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə 100 manat, təhvil verilən yaş tütünün hər tonuna görə isə 50 manat məhsul subsidiyası verilir. Bundan əlavə fermerlərə pambıq sahələrinin hər hektarına görə 220 manat, tütün sahələrinin hər hektarına görə isə 280 manat əkin subsidiyası ödənilir. Arıçılar isə təsərrüfatlarında olan arı ailələrinin hər birinə görə 10 manat subsidiya alırlar. Dövlət həmçinin qəbul məntəqələrinə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə kümdarlara 5 manat subsidiya ödəyir.

Bu subsidiyaların heç biri ləğv olunmayıb, ölkədə aqrar sahəyə dövlət dəstəyi tam şəkildə davam etdirilir və fermerlərimizin mövcud "Fermer kartı"na subsidiyaların köçürülməsi əvvəlki qaydada davam edəcək.

19
Restoran, arxiv şəkli

Bu yerlərdə karantin şərtləri kobud şəkildə pozuldu

3
(Yenilənib 12:14 19.09.2020)
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

BAKI, 19 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat daxil olub.

Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda "Bəyaz gecələr kafesi"ndə, "Lider RA" MMC-yə məxsus "Selofan paket istehsalı obyekti"ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda "Qastronom market"də, "Həsən şirniyyat evi"ndə, "Qlobus dəftərxana", "Atlas hovuz inşaat" mağazalarında, Sabunçu rayonunda "İstanbul lahmacun"da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda "Günəşli kafe"də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda "Şah market"də, "Buzov dönər"də, "Nanə restoran"da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda "Qardaşlar kafe"də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda "Yaz geyim", "Armada elektrik" mağazalarında, "Gilyançay", "Pivbar", "Şah ət" iaşə obyektlərində, Nizami rayonunda "Rahat market"də, "Sirab market"də, "İstanbul lahmacun restoran"da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Firuzə qızıl mağazası"nda, "Hit woman" mağazasında, "Sunset kafe"də, "Palma kafe"də, "Coffee station" iaşə obyektində, "Meh kafe"də, "Dəli Kür kafesi"ndə, "Uğur kafesi"ndə, "Dəniz restoranı"nda, Nəsimi rayonunda "Kafe Praqa"da, "Saraclı kafe"də, Sumqayıt şəhərində "Zirvə restoranı"nda, "Gəmiqaya restoranı"nda, "Tamet istehsalı sexi"ndə, Abşeron rayonunda "Babək kafesi"ndə, "A klub restoranı"nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

3
Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə

"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - Müdafiə naziri

1
Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

1