Ferma

Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə strategiya hazırlanır

13
(Yenilənib 18:34 02.09.2020)
Strategiya Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsinə əsasən hazırlanır

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır. Strategiya Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsinə əsasən hazırlanır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, layihə çərçivəsində 2 regionda – Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında pilot aqrar məsləhət xidmətləri modelləri də tətbiq edilərək hökumətə tövsiyə olunacaq.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin proqram rəhbəri Rayner Freund bildirib ki, Azərbaycan dövlətinin aqrar sahənin inkişafı üçün gördüyü işlərin tərkib hissəsi kimi başlanan "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi çərçivəsində görüləcək işlərin dayanıqlı və uzunömürlü olması çox vacibdir: "Layihə çərçivəsində işlənəcək pilot aqrar xidmətləri modelləri gələcəkdə ölkədə qurulacaq modellərin necə olacağını göstərəcək".

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb: "Biz çalışmalıyıq ki, aqrar məsləhət xidmətlərinin icrası ilə bağlı tövsiyələrimiz qanunvericilik çərçivəsində öz əksini tapsın".

Aqrar Elm və İnnovasiya Mərkəzinin İctimai informasiya və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Yaqub Quliyev layihə ilə bağlı gözləntinin Azərbaycanda aqrar məsləhət xidməti üçün yerli şəraitə uyğun bir sistem yaradılması olduğunu bildirib: "Ən vacib məsələlərdən biri Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqə qurulmasıdır. Bu da səmərəli aqrar məsləhət xidmətini təmin edəcək".

Qeyd edək ki, layihənin İdarə Heyətinin iclasında 2 pilot regionda və hədəf regionu kimi seçilmiş Lənkəran iqtisadi rayonunda 700 nəfərdən artıq fermer arasında aqrar məsləhət xidmətləri barədə götürülmüş sorğunun nəticələri müzakirə olunub. Bildirilib ki, inkişaf etmiş ölkələrin aqrar məsləhət xidməti modelləri pilot olaraq seçildikdə bu sorğuların nəticələrinə uyğun olaraq lokallaşdırılacaq.

13
Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan

Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi

2
(Yenilənib 19:37 23.09.2020)
Ekstravaqant geyimləri və şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Ekstravaqant geyimləri və zaman-zaman geniş müzakirələrə səbəb olan şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəstəkar-müğənni bu dəfə dünyanı cənginə alan koronavirusa şeir yazıb. Müğənni şeiri ATV kanalında yayımlanan "Bağ mövsümü" verilişində səsləndirib.

Müğənni bildirib ki, sözügedən şeiri sərt karantin rejiminin tətbiq olunduğu vaxtlarda yazıb. Barəsində danışılan şeir "Taclı eybəcər" adlanır. Şeir sosial şəbəkə izləyiciləri tərəfindən sərt qarşılanıb. Onlar Əməkdar artisti buna görə qınayıblar.

https://www.youtube.com/watch?time_continue=43&v=LsPXCk7v3JY&feature=emb_logo

2
Əlaqədar
Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib

Baş nazir izafi xərcləri tənqid etdi: Lüzumsuz ezamiyyə xərcləri, ştatlar azaldılmalıdır"

1
Baş Nazir: "Bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir".

 

BAKI, 23 sentyabr — Sputnik. Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir.

Baş nazirin sözlərinə görə, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Qeyd edk ki, bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, iclasda Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunmuşdur".

Əli Əsədov həmçinin qeyd edib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib.

Qeyd olunan problemlərin həlli məqsədilə cənab Prezidentin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub".

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınmışdır və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul edilib.

1
Teqlər:
Prezident İlham Əliyev, büdcə, baş nazir, Əli Əsədov