ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...

35
Reallıqdan qopmuş amerikalı jurnalistlər və ekspertlər inana bilmirlər ki, yandırılmış hər bir mağaza və ya ailəvi kafe Trampın dəstəyinə güclü reklam aksiyasıdır.

BAKI, 31 avqust — Sputnik, İvan Danilov. ABŞ-da hazırda unikal bir eksperiment keçirilir və bütün amerikalı seçicilər eksperiment dovşanı və siçanı rolunda çıxış edirlər. Eksperimentin mahiyyəti seçicilərə reallığın iki versiyasını təqdim etməkdir.

Aparıcı medianın, demokratların, Hollivud ulduzlarının, həmçinin NBA sevimlilərinin amerikalılara təqdim etdiyi birinci, yəni rəsmi versiyaya görə, ABŞ-da polis zorakılığına qarşı dinc etirazlar, eləcə də irqçiliyə qarşı və sosial ədalət uğrunda dinc mübarizə gedir.

Məlumatı mediadan almayan, aktyorlara və basketbolçulara etibar etməyən amerikalıların müşahidə etdiyi ikinci, yəni real versiyaya görə, hazırda ABŞ-da kütləvi iğtişaşlar baş verir, "sosial ədalət uğrunda mübarizə aparan" şəxslər mağazaları yandırır, yoldan keçənləri döyür, Demokratlar partiyasını təmsil edən merlər və qubernatorlar isə polisdən müdaxilə etməməyi tələb edirlər.

CNN telekanalının yayımladığı süjet reallığın bu iki versiyasını çox gözəl nümayiş etdirib: süjetdə müxbirin yanan binanın yanında dayandığı görünür, ekranda isə "Alovlu, lakin əsasən dinc etiraz" sözləri yazılıb.

Demokratların məntiqi bu halda belə görünür: birincisi polisdən vandalizmlə və talanla məşğul olan kütləvi aksiya iştirakçılarına müdaxilə etməyi tələb etmək olmaz, çünki "dinc nümayişçilər" demokratların əsas siyasi aktivlərindən biridir; ikincisi, "etiraz aksiyaları" fiziki zorakılıq qorxusu altında Trampın seçicilərini gələcəkdə ona səs verməkdən çəkindirmək məqsədini güdür.

Bundan başqa, Demokratlar partiyası və xüsusilə də onun radikal (və mediada ən fəal olan) qanadı Trampın və Amerika polisinin sistemli irqçilikdə ittiham olunması strategiyasına tam qoşulublar və, deməli, onların polisi dəstəkləməsi heç bir halda mümkün deyil: Bayden və yerli polis idarələrinin büdcələrini kəsmiş merlər və qubernatorlar pis görünəcəklər.

Planetin ən güclü media maşını Baydenin qərargahının əlindədir. Bir tərəfdən mağazaların, pizza restoranlarının və benzindoldurma məntəqələrinin sahiblərinə və əməkdaşlarına qarşı zorakılığın pislənməsinə formal yanaşma, digər tərəfdən isə Bayden kampaniyasının rəsmiləri tərəfindən "dinc etirazlar"ın dəstəklənməsi məhz bununla izah olunur. Onların fikrincə, televiziya və sosial şəbəkələrə nəzarət edən istənilən şəxs reallığı və sağlam düşüncəni ələ salmağa qadirdir.

Hətta Trampa həqiqətən nifrət edən bəzi amerikalı jurnalistlər də analoji fikirdədir. "The Atlantic" yazır:

"Demokratlar zorakılığa reaksiya verməməyə davam edirlər və onun – bütün yay boyunca davam etməsinə baxmayaraq – sakitləşəcəyinə ümid edirlər... Bəzi istisnalar olmaqla, media yay iğtişaşlarını və eyni anda artan zorakılığı istəksiz şəkildə işıqlandırıb. "The New York Times" həftələrlə bu mövzunun əhəmiyyətini görməzdən gəlib və ya aşağı salıb."

Lakin əsl gerçəkliyi məğlub edə biləcək media gerçəkliyinin yaradılması eksperimenti media təbliğatının və küçə zorakılığının gücünə inananlar üçün mənfi nəticə gətirəcək. "Axios" xəbər portalının verdiyi məlumata görə, "Co Baydenə yaxın demokratlar şəhərlərdəki soyğunçuluğun və zorakılığın daha çox Prezident Trampa kömək edə biləcəyindən qorxurlar."

2016-cı ildə Hillari Klintonun qələbəsini gözləyən sosioloqların əsas proqnozları və riyazi modelləri indi də Co Baydenin qələbəsini yekdilliklə proqnozlaşdırsa da, elə bir təəssürat yaranıb ki, cəmiyyətin güc yolu ilə qorxudulması və media manipulyasiyaları demokratlar üçün növbəti xoşagəlməz sürprizlə nəticələnəcək.

Bəlkə də reallıqdan qopmuş jurnalistlər və ekspertlər inana bilmirlər ki, yandırılmış hər bir mağaza və ya ailəvi kafe Trampın dəstəyinə güclü reklam aksiyasıdır.

Talançıların etnik azlıqlara məxsus biznesləri məqsədyönlü şəkildə məhv etməsi halında isə seçiciləri vandalların əslində sosial ədalət uğrunda və "ağ irqçiliyə" qarşı sülh yolu ilə mübarizə aparmasına inandırmaq mümkün olmayacaq – bunu hətta CNN də bütün NBA ulduzları ilə birgə edə bilməyəcək.

Minneapolis şəhərində məhv edilmiş Vyetnam mətbəxi restoranının sahibi Yum Nquyen öz emosiyalarını jurnalistlərlə bölüşüb:

"Soyğunçuların ailə restoranımızı necə məhv etdiyini müşahidə etmək ürəkyandıran bir hal idi. Onlar bunu gülüşlə, təbəssümlə edirdilər. Yalan danışmayacağam, bu gün mən az qala bir nəfəri güllə ilə vuracaqdım. O, bu daşı mənim ailə şəklimə atdı və üzümə zilləndi. Dərhal gözümdən yaş gəldi. Mən artıq dözə bilmirəm."

Bu restoran sahibinin təmkinliyinə həsəd aparmaq olar. O, Minneapolisdə – Demokratlar partiyasından olan siyasətçilərin nəzarətində olan şəhərdə və ştatda – talançını güllələməyin ədalətli mühakiməyə ümid olmadan özünü həbs etməyə bərabər olduğunu yaxşı başa düşür.

Amma şübhə etmək olmaz ki, hər dəfə belə hadisələr baş verəndə Amerika cəmiyyətinin müəyyən bir hissəsində ən azı Trampa səs verməyə meyllilik artır. Bu kifayət etməsə, əldə silahla yaşamaq və mülkiyyət hüququnu müdafiə etmək qalır.

Bütün bu hekayədən iki mühüm nəticə çıxarmaq lazımdır.

Birincisi: media güclü deyil və reallığın üzərini media təbliğatı ilə örtmək cəhdləri reallığın dəyişməsinə deyil, əksinə bu təbliğata inamın dağılmasına gətirib çıxarır.

İkincisi və ən vacibi: əgər Amerika elitaları sıravi vətəndaşlara əziyyət verən və məhəllələri yandıran silahlı talançıların vasitəsilə öz aralarında münasibətləri aydınlaşdırırsa, onda qarşımızdakı ölkə artıq dünya hegemonu yox, təəssüf ki, nüvə silahı olan və dünya maliyyə sisteminin əsas elementlərinə nəzarət edən geridə qalmış bir ölkədir. Və bu, ABŞ-ın dünya üçün yaratdığı risklər baxımından artıq kifayət qədər həyəcanverici bir haldır.

35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, arxiv şəkli

Prezident: "Mehriban Əliyevanı inandırmaq üçün çoxlu vaxtım getdi"

0
"Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi".

BAKI, 22 oktyabr — Sputnik. "Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibədə deyib.

Prezident İlham Əliyev bildirib ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir: "Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır".

Dövlət başçısı Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsini tutmaq istəmədiyini də qeyd edib: "Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir".

0
Corc Dik

İsrail səfiri Gəncədə: "Mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir"

3
(Yenilənib 18:21 22.10.2020)
Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib.

"Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm. Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir".

Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

"Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk və Gəncədə yaşanan dəhşətli hücumun qurbanlarını bu çətin anlarda dəstək olaraq bir sıra humanitar yardımla təmin edirik".

Sonda səfir Corc Dik faciə qurbanlarının ailələrinə, eləcə də Gəncə sakinlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə