Edvgerial.az saytının istifadəçisi, arxiv şəkli

Altı milyon manata yaxın ƏDV geri qaytarılıb

10
(Yenilənib 15:47 13.08.2020)
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi istehlakçılara geri qaytarılıb.

BAKI, 13 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qlobal çağırışlara uyğun olaraq vergi inzibatçılığının rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi uğurla davam etdirilir. Naizlrikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.

Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (www.edvgerial.az) yaradılıb. Bu mexanizmin işə salındığı vaxtdan avqustun 10-na olan məlumata əsasən, kimi keçən müddət ərzində artıq portalda 466.948 nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 375.536-sı və ya 80 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız bu tip kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir tranzaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

10
Hadisə yerində

Rusiyada beşmərtəbəli binada partlayış baş verib, yaralılar var

10
(Yenilənib 23:10 20.09.2020)
Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib, yaralılar var.

BAKI, 20 sentyabr — Sputnik. Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışa səbəb qaz sızması olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, partlayış binanın 2-ci mərtəbəsində olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb və 2 qonşu balkon uçub..

Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tümen regional şöbəsindən verilən məlumata görə, binada olan 75 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilir.

Hadisə yerində FHN-in altı ədəd texnikası və 14 əməkdaşı işləyir. Binanın daşıyıcı konstruksiyaları zədələnməyib.

10
Teqlər:
Rusiya Fövqəladə Hallar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Tümen, Rusiya

Azərbaycanda qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu

82
(Yenilənib 22:38 20.09.2020)
Rejissor Cavid Təvəkkül: "Bu tipli tamaşalar həm tarixi abidələrin tanınması, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan teatr tarixində bir ilkə imza atıldı və bu imzanı Mingəçevir Dövlət Dram teatrı atdı. Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül tamaşa barədə Sputnik Azərbaycan-a danışıb:

"Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi. Azərbaycan teatrları arasında Mingəçevir teatrı Kələxana türbələrindən canlı dekorasiya kimi istifadə edərək sözün həqiqi mənasında bir ilkə imza atdı".

Rejissor əlavə edib ki, tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilib:

"Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçdi və premyeraya izn verildi. Tamaşa uğurla nümayiş olundu".

  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Kələxanada tamaşa

Qeyd edək ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıb.

Onu da qeyd edək ki, bu tamaşada nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. Açıq səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Yəni, bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edib. Sözügedən türbələr Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Cavid bəyin sözlərinə görə, bu tipli tamaşaların davamı gələ bilər:

"Bu tipli tamaşalar həm tarixi abidələrin tanınmasına, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi. Düşünürəm ki, bunun davamı gələcək. Şirvanşahlar sarayında, Xan sarayında da tamaşalar hazırlana bilər".

82
Teqlər:
Sara, Mingəçevir Dövlət Dram Teatrı, Nazirlər Kabineti yanında Operativ Qərargah, tamaşa, teatr, Şamaxı
Əlaqədar
Yararsız hala düşmüş Kələxana türbələri