Dövlət Sosial Müdafiə Fondunun binası, arxiv şəkli

DSMF-nin gəlir xərclərinin azalma səbəbi açıqlanıb

13
(Yenilənib 19:02 04.08.2020)
"Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır".

BAKI, 4 avqust — Sputnik. Avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Musa Quliyev qeyd edib ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur: "Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olub. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş verib. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər. Ölkə başçısının bu ilin martın 19-da imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Tədbirlər planı hazırlamışdır. Tədbirlər planına əsasən, görülən bütün işlər Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib".

Sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanunda dəyişikliyə baxılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır: "Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub. Dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək".

"2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olub", - deyə o bildirib.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı geniş izahat verib: "İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur. İşsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olmuşdur. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib".

"İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq", - deyə o qeyd edib.

İclasda "İşsizlikdən sığorta haqqında" qanunda dəyişikliyə də baxılıb. Komitə sədri Musa Quliyev bildirib ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur: "Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur".

Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.

İclasda müzakirəyə çıxarılan layihələr Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

13
Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə

"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - Müdafiə naziri

1
Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

1
DTX

DTX yayılan siyahı haqqında: Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablanıb

18
Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, DTX-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir:

"Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılmışdır. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.

Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq".

"Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda bildirilib.

18