Neftçalada boş su qabları, arxiv şəkli

Vəziyyət gərgindir - Kranlara su noyabrda gələ bilər

4542
(Yenilənib 14:40 28.07.2020)
Kürün səviyyəsinin azalması və Xəzər dənizinin suyunun Kürlə qarışması nəticəsində Neftçala və 38 kənd içməli sudan məhrum olub. "Azərsu" ASC isə bildirir ki, su noyabrdan tez olmayacaq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Kür çayından suyu götürüb təmizləyərək, içməli suya çevirmək qeyri-mümkündür. Bu səbəbdən də Neftçala sakinlərinə su Salyandan maşınlarla gətirilir. Bu sözləri "Azərsu" ASC –nin mətbuat katibi Anar Cəbrayıllı sözügedən bölgədə içməli su qıtlığı ilə bağlı problemi Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Artıq bir aydan çoxdur ki, Neftçalada içməli suyun verilməsində problem yaranıb. Kürün səviyyəsinin azalması və Xəzər dənizinin suyunun Kürün suyu ilə qarışması nəticəsində Neftçala və 38 kənd içməli sudan məhrum olub. Əvvəlcə isə 6 kəndin içməli sudan məhrum olduğu deyilirdi.

© Sputnik / Irade JELIL
Neftçalada vəziyyət

Rayon və kəndlərinə içməli su xüsusi maşınlarla verilir.

"Azərsu" ASC –nin sədri Qorxmaz Hüseynov iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə qeyd edib ki, məsələnin həlli üçün ötən il 5 milyon, bu il də investisiya proqramında 5 milyon vəsait ayrılıb.

O, bildirib ki, layihənin tikintisinə başlanılıb və daha etibarlı mənbə olaraq, Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb. Xəttin bu ilin noyabrında başa çatması planlaşdırılır.

© Sputnik / Irade JELIL
Neftçalada vəziyyət

Kür çayının səviyyəsinin aşağı düşməsi Kürdən qidalanan digər əraziləri də susuz qoya bilər. Bu məsələ vaxtında həll edilməzsə, Neftçalanın acınacaqlı vəziyyəti digər bölgələrdə də müşahidə edilə bilər.

Anar Cəbrayıllı bildirib ki, hazırda Neftçala və ətraf kəndlərə içməli su maşınlarla verilir: "Bilirsiniz ki, Xəzər dənizi ilə Kür çayı qarışıb və Kür çayından suyu götürüb təmizləyərək, içməli suya çevirmək qeyri-mümkündür. Bu səbəbdən də bu ərazilərə su Salyan rayonu ərazisindən maşınlarla gətirilir. Hazırda 30-dan çox maşın gündə bir neçə reys hərəkətdə olaraq əraziyə su daşıyır. Modul qurğular olan ərazilərdə su çənlərə vurulur. Daha sonra həmin su nasosla vurularaq, insanların içməli su kimi istifadə etməsi üçün verilir".

Onun sözlərinə görə, şəhərdə və qəsəbələrdə 50-dən artıq çən quraşdırılıb. Binaların həyətlərində və məhəllələrdə qurulan çənlər su ilə doldudurulur. Vətəndaşlar da həmin sudan istifadə edir.

"Bundan başqa, Neftçala və ətraf ərazilərə Kür çayından su nasoslarla verilir. Amma vətəndaşlara xəbərdarlıq etmişik ki, yalnız məişət və təsərrüfat ehtiyaclarını qarşılamaq üçün bu sudan istifadə edə bilərlər", - deyə "Azərsu"nun mətbuat katibi əlavə edib.

4542
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

24
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

24
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

48
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

48
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN