Bakı məktəblərin birində, arxiv şəkli

Bakıda 1-ci sinfə qəbulla bağlı 44 mindən çox müraciət edilib

6
(Yenilənib 13:43 28.07.2020)
Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

BAKI, 28 iyul — Sputnik. İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçimi davam edir.

Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp" nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əks əlaqə" bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

6
Mən Gəncəyəm filmin hazırlanması

"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi

1
(Yenilənib 12:47 27.10.2020)
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Gəncə hadisələrini özündə əks etdirən "Mən Gəncəyəm" adlı sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

© Sputnik / Stringer
"Mən Gəncəyəm" filmin hazırlanması

"Mən Gəncəyəm" filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: "Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – "Skad" raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir".

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Kitab, arxiv şəkli

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

5
(Yenilənib 12:40 27.10.2020)
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun "Seçilmiş əsərləri" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

"Teatrın tarixi və texnikası haqqında", "O.M.Meyerholda məktublardan", "Gündəlikdən (1907–1912-ci illər)", "Fırtına", "Maskarad", "Teatr qeydləri", "Alicənab dəyyus", "Ürpənən torpaq", "Meşə", "Bubus müəllim", "Mandat", "Müfəttiş" adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlar ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, "Biomexanika" adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur "Teatr Oktyabrı" proqramının müəllifidir. "Don Juan" (Molyer), "Müfəttiş" (N.Qoqol), "Hedda Qabler" (H.İbsen), "Mandat" (N.Erdman), "Elektra" (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Repressiya illərində azadlıqdan məhrum edilib və 1940-cı ildə həbsxanada güllələnib.

5