ABŞ bayrağı, arxiv şəkli

Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib

18
(Yenilənib 14:24 24.07.2020)
Öz tərəfimizdən, hər hansı bir xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Səfirlikdən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və qarşı tərəfə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla, həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

"Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa ediblər. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc Azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimizi zorakılığa məruz qoyub. Nəticədə, bir neçə həmvətənimiz ciddi bədən xəsarətləri alıb.

Öz tərəfimizdən, hər hansı bir xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik.

Biz hər bir soydaşımızın göstərdiyi vətənpərvərlik və milli birlik, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 21 iyulda Los Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.

Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meylindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirməyə və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.

Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər.

Xatırladaq ki, Kaliforniya və ABŞ-ın digər 12 qərb ştatı, o cümlədən Alyaska, Arizona, Kolorado, Havayi, İdaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq ştatları Los Ancelesdəki Baş Konsulluğumuzun konsulluq dairəsinə aiddir və bu ştatlarda yaşayan həmvətənlərimiz birbaşa bu Konsulluğumuza müraciət edə bilərlər. Digər 37 ştatda yaşayan həmvətənlərimiz isə paytaxt Vaşinqtonda yerləşən Səfirliyimizə birbaşa müraciət edə bilərlər".

18
Teqlər:
ABŞ, Azərbaycan, Ermənistan, Los-Anceles
Mövzu:
Azərbaycanın diplomatık nümayəndəliklərinə və azərbaycanlılara hücum (14)

Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəmir - Ombudsmandan çağırış

3
Səbinə Əliyeva qeyd edir ki, qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyin azaldılması yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymur.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı müraciət yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

"Beynəlxalq Sülh Gününün əsası 1981-ci ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qoyulmuşdur. 2001-ci ilin 28 sentyabr tarixində Baş Assambleyanın yekdilliklə qəbul etdiyi qərara uyğun olaraq, hər il 21 sentyabr - Beynəlxalq Sülh Günü kimi dünyada qeyd olunur.

Bu gün insan hüquqlarının fövqündə dayanan, bəşəriyyətin dayanıqlı inkişafına ciddi maneələr yaradan və həlli olduqca vacib olan qlobal problemlərindən biri kimi dünyada sülhün bərqərar edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Yeri gəlmişkən, 2021-ci il üçün Beynəlxalq Sülh Gününün mövzusu “Ədalətli və dayanıqlı dünya naminə “daha yaxşı bərpa” adlanır.

Beynəlxalq və ölkə miqyasında insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiə edilməsi üçün sülh və təhlükəsizliyin təmini ən mühüm amillərdən biridir. Bu gün dünyada sülh qlobal çağırış qismində çıxış edir və dövlətlərin suverenliyinin qorunması, birgəyaşayışın təşviq edilməsi fonunda ölkələr, konfessiyalar və sivilizasiyalar arasında genişlənən ziddiyyətlər, davam edən münaqişələr və yaranan yeni müharibə ocaqları sülhün təmin olunmasına birbaşa maneə törədir. Hazırda bu cür silahlı münaqişə və müharibələrin hələ də davam etməsi nəticəsində milyonlarla insan, o cümlədən uşaqlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər öz doğma yurdlarından didərgin salınır.

Təəssüflə qeyd etmək istərdik ki, sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın uzun illər boyu Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti regionda sabitliyə və əmin-amanlığa daimi təhdid və təhlükədir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma öz yurdlarına qayıtması, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsinin icrası istiqamətində uzun müddət ərzində heç bir əməli addım atılmamış və bu sənədlərdə öz əksini tapmış müddəalar sadəcə kağız üzərində qalmışdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların apardıqları uzun sürən sülh danışıqları isə heç bir səmərə verməmişdir.

Bu baxımdan beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmayacağına əmin olan və bundan ruhlanan Ermənistanın siyasi-hərbi rəhbərləri cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə əlaqədar cinayət əməllərini davam etdirmişlər.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparmış, uzun müddət səbr edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışmışdır.  Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan ikili standartlarla pərdələnərək özünün işğalçılıq siyasətindən əl çəkməmişdir.

Ötən il iyul ayında yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq hətta qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin bölmələrini, həmçinin cəbhə bölgəsindən uzaq məsafədə yerləşən və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qəsdən və məqsədli olaraq atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmış, 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.

Bütün bunlar isə hərbi münaqişələr zamanı mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin insan hüquqlarının qorunmasına dair beynəlxalq müqavilələrin, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının, eləcə də BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında” Bəyannaməsinin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyalarının müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnmişdir.

Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən və məqsədli şəkildə kütləvi yanğınlar törədilməklə həyata keçirilmiş ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit, o cümlədən təmiz su mənbələri fiziki və kimyəvi çirklənməyə məruz qalmış, müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Beləliklə də təkcə ölkəmizin deyil, bütövlükdə regionun təbiətinə, flora və faunasına ciddi ziyan vurulmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq müqavilələrin, o cümlədən, BMT-nin “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi haqqında” Konvensiyasının pozulması deməkdir.

Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə yuxarıda qeyd olunan qətnamələrin icrasını təkbaşına təmin etmişdir.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə, demək olar ki, münaqişə artıq başa çatmışdır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Azərbaycan tərəfi özünün ədalətli sülh siyasətinə, üçtərəli bəyanatda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə sadiq qalaraq, Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tam bərpa olunmasına dinc yolla şərait yaradıldığı və ərazi bütövlüyünə hörmət bəslənildiyi təqdirdə yekun sülh müqaviləsinin bağlanmasında, hər iki ölkənin xalqları arasında normal qonşuluq münasibətlərinin qurulmasında maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Lakin buna baxmayaraq, Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəməyərək, üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmaqla yanaşı, Azərbaycana qarşı hərbi təxribatlarını və qarayaxma kampaniyasını davam etdirir.

Xüsusilə də müharibədən sonrakı dövrdə xalqlar arasında yaranacaq əlaqələrin və regionda sabit sülh şəraiti barəsində müzakirələrin aparılması gözlənildiyi halda Ermənistan siyasi elitası tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən bəyanatların səsləndirilməsinin şahidi oluruq.

Qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və regional əməkdaşlığı inkişaf etdirmək prinsipini rəhbər tutan Azərbaycan Ermənistan dövləti ilə münasibətlərdəki gərginliyin azaldılması, regional sülhü möhkəmləndirməsi və əməkdaşlığı genişləndirilməsi yolunda konkret təkliflər irəli sürür. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayaraq, müxtəlif media resurslarında və sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət təbliğatını davam etdirir.

Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən, demək olar ki, tamamilə dağıdılmış, kütləvi şəkildə talan edilmişdir. Daha ciddi təhlükə isə eyni zamanda həmin ərazilərdə yüz minlərlə mina basdırılmasıdır. Təbii ki, onilliklər boyu aktiv qalaraq ciddi risk daşıyan bu minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Müharibənin başa çatmasından sonra yalnız hərbi qulluqçuların deyil, mülki şəxslərin də minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. İşğal dövründə minaladığı ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçıran Ermənistan tərəfi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də maneə törədir. Bununla da o, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 soydaşımızın taleyi barədə qarşı tərəfdən hələ də məlumat əldə etmək mümkün olmamışdır. Təəssüf ki, hazırda irəli sürülən sülh təşəbbüslərindən müxtəlif cəhdlərlə yayınan Ermənistan tərəfi müharibə başa çatdıqdan sonra da itkin düşənlərlə bağlı məlumat mübadiləsində əməkdaşlıqdan boyun qaçırır.

Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli sülhün və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını nəzərə alaraq,

Beynəlxalq insan hüquqları təşkilatlarını, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatlarını və digər milli insan hüquqları institutlarını regionda pozulan insan hüquqlarının bərpası naminə, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması və daimi sülhün bərqərar olunması istiqamətində birgə səylər göstərməyə,

Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə,

Tərəflər arasındakı dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesinin obyektiv şəkildə həyata keçirilməsinə və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına mane olan əməllərə son qoymağa,

Birinci və İkinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin  taleyi barədə obyektiv məlumatın təqdim edilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarda basdırılmış minaların dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təcili tədbirlər görməyə,

Regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etməyə çağırırıq".

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Eləcə də oxuyun:

3
Teqlər:
Qarabağ, Azərbaycan, Ermənistan, müharibə, ombudsman, sülh, müraciət

COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?

7
(Yenilənib 22:26 20.09.2021)
Evdə müalicə olunan xəstələr onlara müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar.

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 xəstəliyinin evdə müalicəsinin baha başa gəlməsindən xəstələrin çoxu şikayətlənir. Onlar dövlət tərəfindən virusa yoluxmuş xəstələrə əksər hallarda evdə müalicə paketi verilmədiyini, verildiyi təqdirdə isə bu paketdə xəstəliyin müalicəsi üçün zəruri dərman preparatlarının olmadığını bildirirlər.

"860 manatdan çox pul xərcləmişəm, hələ də sağalmamışam"

COVID-19-a yoluxmuş Gülnar Səfərova deyir ki, vəziyyəti ağır olmadığından xəstəxanaya yerləşdirilməsə də evdə müalicə alır. İndiyədək xəstə ona heç bir müalicə paketi təqdim edilmədiyini bildirib. Onun sözlərinə görə, virusa yoluxduğunu bildiyi gündən öz vəsaiti hesabına evdə müalicə alır. Həmsöhbətimiz həkim məsləhəti əsasında dərman qəbul etdiyini bildirir:

"Həkim mənə iki həftə müalicə üçün gündə bir dəfə olmaqla Kleksan 0,6, D 50.000 İU, Vitamin C 1000 mg, Remdesivir təyin edib. Bu dərmanları almağa 860 manatdan çox vəsait xərcləmişəm. Hələ də temperaturum düşməyib".

Qeyd edək ki, COVID-19-un müalicəsində daha çox təyin olunan dərmanların qiyməti çox bahadır.

Dərmanların qiyməti əl yandırır...

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, əksər COVID xəstələrinə təyin olunan Kleksan-0,6 dərman preparatının bir cütü 22 manatdır. Xəstələrə bu dərman preparatı ən azı iki həftə müddətinə təyin olunur. Xəstələr təkcə Kleksan dərman preparatı üçün 308 manat xərcləməli olurlar. Həkimlərin təyin etdiyi D vitaminlərinin qiyməti isə 15 manatdan 28 manatadək dəyişir. İki şüşə D vitamini alan xəstə ən yaxşı halda 30 manat xərcləməlidir. C vitaminlərinin qiyməti 11-15 manat arası dəyişir. Xəstələr C vitamini üçün 22 manat ödəməli olurlar. COVID xəstəliyinin müalicəsində istifadə edilən ən bahalı dərmanlardan biri isə Remdesivir-dir. Bu dərmanları depo apteklərdə ən yaxşı halda bir ədədini 92 manata tapmaq mümükündür. Adi apteklərdə isə dərman preparatı 115 manatdan aşağı qiymətə satılmır. Xəstəliyin davam etdiyi müddətdə ən azı 5 gün xəstəyə vurulan bu dərman preparatı üçün COVID-19 xəstələri nə 460 manat lazımdır.

Xəstələrə bu dövrdə antiviral dərmanlar təyin edilir ki, onların da qiyməti ucuz deyil. Hindistan istehsalı olan Favipravir-200mg preparatının qiyməti 46, Türkiyə istehsalı olan analoqun isə 70 manatdır. Arbidolun qiyməti isə 14 manat 80 qəpikdir.

Müayinə qiymətləri kəllə-çarxda...

Amma sadalanan dərman preparatları xəstəliyin müalicəsində yetərli deyil. Xəstə daim saturasiyanı nəzarətdə saxlamalıdır ki, bunun üçün müvafiq cihaz apteklərdə 25 manatdır. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, evdə müalicə zamanı həkim onlardan KT müayinəsi tələb edir. Bunun üçün xəstələr 75-113 manat arasında xəstəxanaya ödəniş etməlidirlər. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, Bioloji Təbabət klinikasında ağciyərin KT qiyməti 75, Respublika Diaqnostika Mərkəzində 113 manatdır. Evdə müalicə olunan xəstələrin vəziyyəti orta-ağır olduqda evdə müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar. Virusa yoluxmuş xəstələrdən qanın ümumi analizi, CRR, Ferritin, LDH, D dimer, Koaquloqram, ALT, AST, kreatin analizləri tələb olunur. Refenans klinikasından bildirdilər ki, qanın ümumi analizi 10, CRR-12, Ferritin-23.50, LDH-12, D dimer və koaquloqram-66, ALT, AST, kreatin hərəsi 12 manatdır. Evdə analizlər üçün xidmət haqqı isə 38 manatdır. Qan analizlərinin qiyməti bir COVID xəstəsi üçün 197 manat 50 qəpik təşkil edir.  Bu gün özündə koronavirus əlamətlərini hiss edən xəstələrin çoxunun təcili və təxirəsalınmaz tibbi yardım üçün 103 nömrəsi ilə əlaqə saxlaya bilmədikləri üzündən test üçün özəl xəstəxanalara müraciət edir. Bunun üçün xəstələr 75 manat da test üçün xərcləməli olurlar. 

Bir xəstənin müalicəsi 1000 manata başa gəlir...

Göründüyü kimi koronavirusa yoluxmuş xəstələrin evdə müalicə xərcləri minimum 916 manat təşkil edir. Amma yanaşı xəstəlikləri olan şəxslərdə bu xərc 1000 manatdan yuxarı olur. Səhiyyə Nazirliyindən və TƏBİB-dən Sputnik Azərbaycan-a bildirdilər ki, evdə müalicə alan xəstələrə yalnız vitamin paketi göndərilir. Ağır xəstələr isə xəstəxanaya yerləşdirilərək müalicəsi dövlət hesabına aparılır.

TƏBİB-in müalicə protokolu...

Qeyd edək ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərtiilə bu xəstələrə antiviral müalicə başlana bilər. Hospitalizasiya göstərişi olan Covid-19 hallarında müalicə tövsiyələri belədir. Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici  5 gün təyin edilməlidir. Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə -Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici-5-10 gün aparılmalıdır. Ağır Pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.

Evdə müalicə protokolu dəyişdirilməlidir....

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TƏBİB-in evdə müalicə protokolu yenidən işlənilməlidir. Onun sözlərinə görə, bu gün evdə müalicə alan orta-ağır xəstələr var ki, onların müalicəsi üçün evə göndərilən vitaminlərdən ibarət müalicə paketi yetərli deyil (Bu paket COVID-19 xəstəliyinə yoluxmuş bütün xəstələrə verilmir -Red.).

Həmsöhbətimiz deyir ki, tibb sahəsi üzrə Elmi Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşları, infeksionistlər, pulmonoloqlar, və uzun ilər klinik farmokologiya ilə məşğul olan şəxslər evdə müalicənin istiqamətləri müəyyən edilməlidir:

"Burada orta, yüngül, ağır və çox ağır COVID xəstələrinin, eləcə də yanaşı xəstəlikləri olanların müalicə protokolu hazırlanmaldır. Bu gün biz TƏBİB-in evdə müalicə protokoluna baxsaq görərik ki, orada ümumi dərman preparatları öz əksini tapıb. Hamıya birmənalı olaraq 1000 mg C vitamini təyin etmək doğru deyil. Ola bilər ki, xəstə həmçinin şəkərli diabetdir. Bu zaman bu vitaminin qəbulu avtomatik şəkəri qaldıracaq. Bu da xəstəni ağırlaşdıra bilər. Yaxud da xəstənin böyrək problemi ola bilər. Bu zaman da protokoldakı dərmanlar ehtiyatla təyin edilməlidir. Ona görə də TƏBİB-in COVID-19-a görə müalicə protokolu yenidən işlənilməlidir. Yaxşı olar ki, protokol işləndikdən sonra ictimaiyyətə açıqlansın, eyni zamanda evlərə buklet formasında paylanılsın. Çünki, bu gün xəstəliyin evdə müalicəsi üzündən ağırlaşmalar olur. Bu gün virusu məhv edən dərman preparatı yoxdur. Mütləq şəkildə xəstələrə həkim baxışı olmalıdır. Protokolda xəstəyə kleksan vurulması tövsiyyə olunsa da hər xəstəyə də kleksan vurmaq olmaz. Qanın göstəriciləri normaldırsa cavan insanlara Kleksan təyin edilə bilməz".

Hər xəstəyə fərdi yanaşılmalıdır....

İnfeksionist bildirir ki, bu gün ölüm sayının artmasında şablon reseptlərdən istifadə az rol oynamır. Onun sözlərinə görə, COVID-in müalicəsində hər bir xəstəyə fərdi yanaşılmalıdır. Evdə müalicə protokolu yenidən hazırlanaraq  ictimaiyyətə açıqlanmalıdır.

Pulu olanlar özünə, olmayanlar Allah ümidinə...

Apardığımız araşdırmadan belə məlum oldu ki, hazırda evdə müalicə olunan xəstələrin sağalma şansı ən yaxşı halda öz maddi vəziyyətlərinə, ən pis halda isə Allaha bağlıdır. COVID-19-un müalicəsi üçün tələb olunan məbləğdən də görünür ki, bu xərci qarşılamaq evdə müalicə olunan orta statistik Azərbaycan vətəndaşı üçün elə də asan deyil. Virusun yoluxucu olduğunu, ailədə eyni zamanda bir neçə nəfərin bu xəstəliyə yoluxduğunu nəzərə alsaq, çəkilən xərc ən azı dörd dəfə artır. Beləliklə, bir ailədə dörd nəfər virusa yoluxursa onların evdə müalicəsinə 4 min manata yaxın pul tələb olunur...

Həmçinin oxuyun:

Həkimlər xəstələrin həyatı ilə oynayırlar - Qanunun qəbulu isə daşa dirənib

7
Teqlər:
COVID-19, Koronavirus, xəstəlik, xəstə, təbib