Taliban yaraqlıları, arxiv şəkli

Əfqan qız valideynlərini qətlə yetirmiş "Taliban" yaraqlılarını güllələyib

1483
(Yenilənib 16:48 21.07.2020)
On dörd yaşlı əfqan qız valideynlərini öldürən "Taliban" radikal hərəkatının yaraqlılarını güllələyib. Hazırda əfqan hərbçiləri qızı və onun kiçik qardaşını "daha təhlükəsiz yerə" aparıblar.

BAKI, 21 iyul — Sputnik. On dörd yaşlı əfqan qız valideynlərinin öldürülməsindən sonra "Taliban" radikal hərəkatının iki döyüşçüsünü avtomatla güllələyib, daha bir neçə yaraqlını yaralayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli polis rəisi Frans Press agentliyinə müsahibəsində bildirib.

Hadisə Əfqanıstanın Qor əyalətindəki kəndlərindən birində baş verib. Taliblər təxminən 14 yaşında olan Qəmər Gülün evinə soxularaq rəsmi hökumətə dəstək verdiyinə görə onun atasını axtarıblar. Taliblər ailə başçısını evdən çıxararaq öldürüblər. Qızın ərini müdafiə etməyə çalışan anası da yaraqlılar tərəfindən öldürülüb.

"Bu zaman evə girən Qəmər Gül ailələrinə məxsus AK-47 avtomatını götürərək əvvəlcə valideynlərini öldürən iki "Taliban" yaraqlısına atəş açıb, sonra isə daha bir neçə yaraqlını yaralayıb", - deyə yerli polis rəisi Həbibirəhman Malekzadə bildirib.

Əyalət qubernatorunun nümayəndəsi bildirib ki, hazırda əfqan hərbçiləri Qəmər Gülü və onun kiçik qardaşını "daha təhlükəsiz yerə" aparıblar.

Əfqanıstanda hökumət qüvvələri ilə əvvəllər ölkənin kənd rayonlarında əhəmiyyətli bir əraziyə sahib olan və böyük şəhərlərə hücum edən radikal "Taliban" hərəkatının yaraqlıları arasında toqquşmalar baş verir. Həmçinin ölkə ərazisində "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının təsiri güclənib. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmə qarşı birgə əməliyyatlar həyata keçirirlər.

1483
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

22
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

22