Barama qurdları, arxiv şəkli

Həmişə bəla gəlmir! Çindən gələn balaca qurdlar özləri ilə karlı pul da gətirirlər

1313
(Yenilənib 18:02 18.07.2020)
“Məşğulluq baxımdan maraqlı sahədir. Cəmi 1 ay baxırsan və nəticədə orta hesabla 2-3 min manat pul qazana bilirsən” deyə kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. "Baramaçılıq üçün ən vacib məsələ yem bazasıdır. İpək qurdları əsasən tut yarpaqları ilə qidalanır. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bütün tut bağları məhv oldu. Odur ki, birinci məsələ bu tut bağlarını bərpa etmək idi. Ona görə də indiyədək Çindən təxminən 4 milyon ədəd tut tingi gətirilərək 40 rayonda əkini həyata keçirilib. Çindən gətirilən tut ağaclarının yarpaqları ipək qurdu üçün daha yaxşı və daha keyfiyyətlidir. Azərbaycanda baramaçılığın inkişafı üçün ilk addım bu olub".

Bunu Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib. N.Nəsirli ölkədə baramaçılığın mövcud vəziyyəti, problemlər və perspektivləri ilə bağlı danışıb.

O bildirib ki, ikinci addım olaraq Qaxda Sovet dövründə mövcud olan damazlıq stansiyası yenidən qurulub və orada barama qurdunun inkubasiyası təşkil olunub: "Bu ilki nəticəyə görə, 40 rayon üzrə 6 minə yaxın kümçüyə, fermerə barama qurdları pulsuz olaraq paylanıb. Ümumiyyətlə, bizdə barama qurdları kümçülərə pulsuz verilir, sadəcə onun bəslənməsi fermerin üzərinə qoyulur. Və bu, subsidiyaya cəlb olunmuş bir istiqamətdir. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan "Azərİpək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır".

"Məşğulluq baxımdan maraqlı sahədir. Cəmi 1 ay baxırsan və nəticədə orta hesabla 2-3 min manat pul qazana bilirsən. Çox barama saxlayanlar hətta 1 ayda 6 min manatadək pul qazanır. Harasa getmək-gəlmək tələb olunmur, yaşadığın həyətdə bu sahə il məşğul olmaq olur. İpək dünya bazarında ən qiymətli məhsullardan biridir", – deyə o qeyd edib.

Bu sahədə olan problemlərdən danışan ekspert bildirib ki, uzun illər fasilə yarandığına görə insanlarda barama bəsləmə vərdişləri sıradan çıxmışdı və bu, yenidən bərpa olunur: "Kümxanaların düzgün təşkili və qulluq ilə bağlı problemlər var. Ona görə də silsilə maarifləndirmə tədbirləri aparılır ki, kümçülərdə bilik və bacarıqlar artsın. Kümxanaların çoxu düzgün təşkil olunmur və s. Yəni bu, sırf baramanı yetişdirmə texnologiyası ilə bağlıdır. 6 min kümçüyə birdən-birə bunları öyrətmək asan deyil. Digər tərəfdən, ən ciddi problem yem bazası məsələsidir. Yeni salınan bağlar məhsula düşmür. Burada tövsiyə odur ki, yalnız yem bazası, yem imkanları olan insanlar barama saxlasınlar".

"Ötən il analiz aparılaraq məlum oldu ki, məsələn, Astara, Lerik kimi rayonlarda rütubət olduğuna görə bu ərazilərdə barama saxlamaq mümkün deyil. Ona görə də həmin rayonlara barama verilmədi. Hər il bu sahədə təkmilləşdirmə aparılır. 

Digər tərəfdən, kümçülər istəyirlər ki, baramanı təhvil verən kimi pulunu alsınlar. Burada müəyyən analiz aparılır deyə pulun verilməsi 1 ay gecikir. Amma bu da normaldır, çünki "Azəripək" də analiz aparır. Məsələn, iyul ayının sonunda kümçülərə ödənişlər ediləcək. Bunu da kümçülər problem olaraq qiymətləndirirlər", – deyə o bildirib.

N.Nəsirli bildirib ki, burada damazlıq məsələsi də var: "İpək qurdları hər il Çindən gətirilir. Bu il koronavirus pandemiyası ilə bağlı Çindən ipək qurdlarının gətirilməsində böyük çətinliklər yarandı. İndi işlər aparılır ki, bunun damazlığı elə Azərbaycanda təşkil olunsun. Bu il ölkəmizdə ilk dəfə damazlıq məqsədilə 5 min qutu təşkil olunub və insanlara paylanıb. Gələn il bunun həcmi daha da artırıla bilər. Hazırda ölkədə damazlıq işinin qurulması sahəsində iş gedir. Biz məcburuq hər il Çindən ipək qurdları gətirək, çünki tələbat tam təmin edilmir. Bu da hələlik bu sahənin qarşısında duran əsas problemlərdən biridir".

Onu da qeyd edək ki, bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, bu il barama istehsalı ilə bağlı ciddi problemlər yaşanmaqdadır: "Son illər Azərbaycanda Şəki ipəyinin şöhrətini qaytarmaq istiqamətində çox ciddi işlərə başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə barama istehsalı 2015-ci ildə 236 kiloqramdan 2019-cu ildə 644 tona çatdırılıb. Bu il 700 ton, gələn il 800 ton, 2025-ci ildə isə 6 min ton yaş barama istehsalı proqnozlaşdırılıb. Lakin bu il barama istehsalı ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Düşünürük ki, bu məqsədlə xüsusi komissiya yaradılmalıdır. Bu komissiya tərəfindən yaranmış vəziyyətin səbəbləri obyektiv araşdırılıb, adekvat tədbirlər görülməlidir".

1313
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

32
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

32
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"
Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

11
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

11