Məmur portfeli, arxiv şəkli

Səhiyyə Nazirliyi ƏƏSMN "bala-bala" yeyirmişlər - Hesablama Palatası

125
2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən endirilib,

BAKI, 10 iyul — Sputnik. Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən, 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs (bundan sonra-Mərkəz) tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditi aparılıb. Palatadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən Proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmamış, hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmamış, tibb müəssisələrindən müvafiq sifarişlər tələb edilməmiş, qeydiyyatda olan xəstələrin sayının və tibb müəssisələrində icra olunan çarpayı günlərinin, habelə aparılmış müayinələrin sayının dəyişməsi üzrə məlumatların təhlili tam həyata keçirilməmiş, bir çarpayı gününə və ya bir xəstənin müalicəsinə düşən dərman vasitələrinə, müayinələrin aparılması üçün laboratoriya reaktivlərinə və şüa diaqnostika materiallarına, peyvəndlərə, tibbi təyinatlı vasitələrə tələbatlar tam nəzərə alınmamış və nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.

Auditlə əhatə olunan illərdə "2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı", "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı", "2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı", "2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib. Eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində 1 xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də fərqli olub.

Auditlə əhatə olunan dövrdə dərman vasitələrinin alınması zamanı bağlanılmış müqavilələrin xüsusi şərtlərinə tam nəzarət edilməyib, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən endirilib, 2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təynatlı vasitələr təhvil verilməyib, 2019-cu ilin sonuna isə anbarda qalan 4773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7,0%-53,0% arasında olub. Həmçinin 2018-ci ildə 1272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmamış, dərman preparatları və tibbi təyinatlı vasitələrin alınması ilə bağlı bağlanılmış müqavilələr üzrə öhdəliklərin icraçı müəssisələr tərəfindən vaxtında icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün cərimə məbləğinin hesablanması və alınması təmin edilməmişdir. Eyni zamanda 2018-ci ildə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi səbəbindən bağlanılmış müqavilələrin icra müddəti uzadılmış və dərman vasitələri müəyyən olunmuş müddətlərdə alınaraq tibb müəssisələrinə çatdırılmayıb.

Mərkəz tərəfindən 2018-ci ildə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1716,3 min manat dəyərində dərman vasitələri alınıb.

Aparılmış audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilmiş nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılmış, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün hesablanmış 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.

Hesablama Palatasının 2020-ci il üzrə İş Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə (Şöbə) 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrası üzrə uyğunluq auditi aparılıb.

Audit nəticəsində Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən ailə tərkibinin və ailənin yaşayış yerinin, ailə üzvünün işə girməsi və ya işdən çıxması nəticəsində ailənin gəlirlərinin dəyişməsi faktlarının vaxtında aşkar edilməməsi nəticəsində auditlə əhatə olunan dövrdə 286 halda ünvanlı dövlət sosial yardımı üzrə ödəniş davam etdirilərək, ümumilikdə 214,7 min manat məbləğində sosial yardım ödənilib:

"Həmçinin, sosial yardımın məbləğinin dəyişməsinə və ya ödənişin dayanmasına səbəb ola biləcək məlumatların vətəndaşlar tərəfindən təqdim edilməməsi səbəbindən bağlanılmış 234 sosial yardım işi üzrə vətəndaşların müvafiq bank hesablarında audit olunan dövrün əvvəlinə cəmi 24,4 min manat məbləğində vəsait qalıb.

Bununla yanaşı, Müavinət Alt Sisteminin digər müvafiq alt sistemlərə lazımi səviyyədə inteqrasiya olunmaması nəticəsində sosial müavinətin ödənişinin dayandırılması üçün mövcud olan əsaslar, o cümlədən, vətəndaşların vəfat etməsi, əmək pensiyası hüquqlarının olması və ya işləməsi vaxtında aşkar edilməyib.

Əmək pensiyası hüququ olan, eləcə də sosial müavinət almaq hüququ olmayan vətəndaşlara 96 sosial müavinət işi üzrə cəmi 96,9 min manat vəsait ödənilib, həmin vəsaitdən müxtəlif səbəblərdən 80 iş üzrə 84,1 min manat vəsait müvafiq bank hesablarında qalıb".

Qeyd edilib ki, auditlə əhatə olunan dövrdə düzgün olmayaraq ümumilikdə 246 pensiya işi üzrə 276,1 min manat məbləğində vəsaitin ödənilməsi həyata keçirilib:

"Həmin vəsaitdən müxtəlif səbəblərdən pensiya hesablarında 137,5 min manat vəsait qalmış, habelə məcburi dövlət sosial sığorta haqları hesabına 3248,82 manat artıq müavinət ödənilib.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən əsassız və artıq ödəmələr üzrə 116,5 min manat vəsait dövlət büdcəsinə, 276,6 min manat vəsait isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə olmaqla, ümumilikdə 393,1 min manat vəsait bərpa edimiş və ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 286 iş üzrə ödəniş dayandırılıb.

Eyni zamanda Hesablama Palatasının müvafiq qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 259 sosial yardım işi üzrə ödənilmiş ümumilikdə 214,7 min manat, sosial müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 5404,36 manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 2749,82 manat vəsaitin müvafiq büdcələrə bərpa olunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi tapşırılıb".

125

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

3
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

3
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Azərbaycan manatı, arxiv şəkli

Pensiya kapitalı ədalət - qalaqlanan problemlər üçün çözüm təklifi

16
(Yenilənib 17:59 26.11.2020)
"Bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir", - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Dünyanın ən yaxşı pensiya sisteminə malik olan 39 ölkəsinin adları açıqlanıb. "Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatına görə, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə malik ölkəsi Niderland olub. Bu ölkənin indeksi ötən illə müqayisədə 81-dən 82,6-a yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.

Hazırda Niderlandda pensiya yaşı 66-dır. 2024-cü ilədək ölkədə pensiya yaşının aylıq artım dinamikası dondurulur. Yalnız 2024-cü ildə ölkədə pensiya yaşı 67 olacaq və bundan sonra hər il bu müddət daha öncəki müddətlə müqayisədə çox cüzi olaraq artmaqda davam edəcək. Digər ölkələrlə müqayisədə Niderlandda pensionerlər daha firavan həyat yaşayırlar ki, bunun da səbəbi ölkədəki qanunlardır.

Ölkədə yaşlılığa görə verilən pensiya olan AOW-dan yararlanmaq üçün şəxslərin Niderlandda çalışdığı hər il üçün 2 faiz illik AOW vəsaiti toplanmalıdır. Məsələn, şəxs pensiya yaşına çatdıqda sadəcə olaraq 40 ildir ki, Niderlandda yaşamış olarsa, bu zaman AOW vəsaitinin 80 faizini əldə etmiş olacaq.

Bundan başqa, ölkə qanunları ağır işdə çalışanlara daha tez pensiyaya çıxmaq hüququnu verir. Bununla yanaşı, istəyən hər kəs 3 il daha tez yaşlılıq pensiyasına çıxa bilmək hüququna malik olur.

Pensiya sisteminə görə 39 ölkə arasında ikinci olan Danimarkada isə bu yaş həddinin aşağı endirilməsi müzakirə edilir.

Ölkənin Baş naziri Mette Frederiksen pensiya yaşının 65-dən 61-ə endirilməsi üçün təkliflərin verildiyini də vurğulayıb:

"Danimarka vətəndaşları hər gün işləmək, pul qazanmaq üçün səhər tezdən oyanır, ağrı və acı ilə işə gedirlər. Bəlkə də belləri, dizləri, çiyinləri ağrıyır, bəlkə də çox acı çəkirlər. Bu səbəbdən biz uzun illərdir çalışanlar, çalışdığı müddətdə vergilərini ödəyən və ağır işə cəlb olunanlar üçün təkliflər vermişik. Yeni qanun layihəsinə görə, 42-44 il çalışanlar 1-4 il daha tez pensiyaya çıxa biləcəklər. 2022-ci ildə 38 min şəxs bundan yararlana biləcək".

Qeyd edək ki, qarşıdakı 10 il ərzində Danimarkada pensiya yaşının 68 olacağı planlaşdırılır.

Son illərdə Azərbaycanda da pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görülüb. Lakin bununla belə, bəzi problemlər hələ də həllini tapmamış qalır. Bəs Azərbaycanda pensiya sistemində hansı qalaqlanmış problemlər həllini gözləyir?

Saxla samanı... Kartda olan pulları necə artırmalı?>>

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Son illər Azərbaycanda pensiya sistemində bir sıra islahatlar aparılıb. Xüsusən də 2018-ci ildən pensiya sisteminin təkmilləşdirilməsi müşahidə olunub. Biz mütəmadi olaraq pensiya islahatlarının davamlı olması və pensiya sisteminin daha da təkmilləşdirilməsi üçün təkliflərimizi təqdim edirik. Qiymətləndirmələr onu göstərir ki, indiki halda həm pensiya kapitalı ilə bağlı, həm də pensiya kartından istifadə ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var".

"Nəzərə almalıyıq ki, minimum pensiya məbləği artdıqca tələb olunan minimum pensiya kapitalı da artır. Bu səbəbdən vacibdir ki, pensiya kapitalının müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi mexanizminə baxılsın. Daha yaxşı olardı ki, vəsaitlərin, xüsusən də həssas qruplar üçün olan vəsaitlərin bir hissəsi kompensasiya olunsun", - deyə millət vəkili əlavə edib.

O bildirib ki, böyük pensiya kapitalına malik vətəndaşlarımıza ABŞ-da olduğu kimi daha tez pensiyaya çıxmaq hüququnun verilməsinə ehtiyac var: "Ona görə də biz minimum pensiya kapitalı ilə yanaşı, pensiyaya çıxmaqla bağlı minimum kapital yığıldıqdan sonra belə bir hüququn verilməsinin tərəfdarıyıq.

Yəni vətəndaşa pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə etmə hüququnun verilməsi məqsədəuyğundur. Bu da təbii ki, kapitalla bağlı yığımlara marağı artırmaqla yanaşı, eyni zamanda imkan verəcək ki, vətəndaşlarımız bəzi hallarda pensiya yaşını gözləmədən də pensiya kapitalının bir hissəsindən faydalana bilsinlər".

"Digər məsələ isə pensiya kapitalının müəyyən hissəsinin varisə transfer edilməsi ilə bağlıdır. Çünki bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir. Bu səbəbdən həmin kapitalın bir hissəsinin vətəndaşın varisinə transfer edilməsi mexanizmi təqdirəuyğun olardı. Bu da nəticə etibarı ilə pensiya sistemində ədalətin daha da məqsədəuyğunluğu üçün önəmlidir", - deyə V.Bayramov əlavə edib.

16
Teqlər:
Vüqar Bayramov, təklif, varis, kapital, təqaüd, pensiya