BAKI, 1 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün WhatsApp botunu istifadəyə verib.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, "TABIB bot" eyni anda 1 milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə bilər: "Əlavə olaraq, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür. Bu günə qədər bot, on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2200 abunəçisi var. "TABIB bot" ilə dialoqa başlamaq üçün "Salam" yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir. COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq, botdan məlumat əldə etmək çox asandır".
Qeyd olunub ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir. Bot, dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.