“Zolaqlı pijamalı oğlan” romanın afişası

Ən qısa vaxtda yazılan möhtəşəm roman - İki gün 5 milyon

1757
(Yenilənib 17:13 17.04.2020)
“Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünyada  5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın –  Bruno və Şmulun həyatından bəhs edir

BAKI, 17 aprel — Sputnik. Yazıçı Con Boyn (John Boyne) 1971-ci ildə İrlandiyada doğulub. Yaradıcılığına hekayələrlə başlayan yazıçı müxtəlif mükafatların, eləcə də ardıcıl iki dəfə İrlandiya Kitab Mükafatının laureatıdır. 2006-cı ildə nəşr olunmuş “Zolaqlı pijamalı oğlan” (The Boy in the Striped Pyjamas) romanı həm müəllifin vətəni İrlandiyada, həm də dünyada müxtəlif nüfuzlu mükafatlara layiq görülüb və müəllifinə böyük şöhrət qazandırıb. “Zolaqlı pijamalı oğlan” eyni zamanda dünyada ən qısa müddətə yazılmış kitabların siyahısında ilk yerdədir.

“Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünyada  5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın –  Bruno və Şmulun həyatından bəhs edir.

1943-cü ildə Faşist Almaniyasında baş verən hadisələr, Bruno adlı alman oğlanın dilindən nəql edilir. Əsərin sadə dili və axıcı təhkiyəsi, faciələrin və dəhşətlərin sadə şəkildə canlandırılması romanın uşaq ədəbiyyatına aid olduğunu deməyimizə əsas versə də, əsər İkinci Dünya Müharibəsi haqqında yazılan ən təsirli romanlardandır.

Yaşadıqları beşmərtəbəli evdən, geniş küçələri, kafe və böyük dükanları olan Berlindən Polşadakı əyalət şəhərinə köçərək əsir düşərgəsinə rəhbərlik edən faşist zabitinin oğlu tənhalıqdan əziyyət çəkir. Macəra romanlarını sevən və kaşif olmağı qarşısına məqsəd qoyan Bruno, tikanlı məftillərlə əhatələnmiş düşərgənin ətrafında gəzərkən yəhudi oğlan Şmulu kəşf edir...

Düşərgəyə rəhbərlik edən faşist zabitinin oğlu Bruno ilə, yəhudi saatsazın əsir düşərgəsində yaşayan oğlu Şmulun taleyi düşərgə kənarındakı tikanlı məftillərin yanında kəsişir.

Və bu tanışlıq onları heç də xoş olmayan sonluğa doğru sürükləyir.

...Bu əyalət qəsəbəsində iki tip insan var: tikanlı məftillərin bir tərəfində azlıqda qalanlar – Bruno, ailəsi, alman əsgər və zabitləri, tikanlı məftillərin digər tərəfində çoxluq təşkil edənlər – Şmul, ailəsi və əsirlikdə olan başqa yəhudilər...

Yazıçının cəmi iki gün yarıma yazıb bitirdiyi bu romanda hadisələr bir-birini sürətlə əvəz etdikcə, həyəcan artır. Əsərin nəfəskəsən tempi, hadisələr zəncirinin qeyri-adi inkişafı, axıcı təhkiyə oxucunu arxasınca sürükləyir.

...Auşvitz(Osvensim) əsir düşərgəsində baş verənlər, Holokost, yəhudilərə qarşı törədilən soyqırım əsərin əsas mövzusu olsa da, müəllif bu faciəni çatdırmağın fərqli yoluna baş vurur. Müharibədən bəhs edən minlərlə romandan fərqli olaraq “Zolaqlı pijamalı oğlan” romanında faciə iki kiçik oğlanın taleyi fonunda daha da kədərli şəkil alır. Uşaqların heç biri müharibənin miqyasını, faciənin dəhşətini anlayacaq yaşda deyillər. Bruno “böyüklər” kimi yəhudiləri düşmən hesab etmir və əsir düşərgəsinin mahiyyətini dərk etməkdən uzaqdır.

Əsərin sonlarına doğru böyüklərin də müharibədən və baş verənlərdən yorulduğu, bezdiyi hiss olunur. Yazıçı Brunonun ata-anasına, xüsusilə övladları ilə birgə düşərgədən uzağa – Berlinə qayıtmaq istəyən anaya mərhəmətli yanaşsa da, labüd final dəyişmir...

Brunonun otağının pəncərəsindən görünən zolaqlı pijamalı adamlar, yan-yana düzülmüş daxmalar, naməlum borularından qalxan dəhşətli tüstü əsərin sonunda həssas oxucunu ağlamağa məcbur edir...

Amerikalı rejissor Mark Herman 2008-ci ildə əsərin motivləri əsasında romanın özü qədər təsirli və populyar film ərsəyə gətirib.

Roman 2019-cu ildə, “XAN” Nəşriyyatında işıq üzü görüb.

1757
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

1
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

1
Sənədin imzalanması

Nazirlik vətəndaşların qəbulunu dayandırdı

2
Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırdığını elan edib.

BAKI, 29 oktyabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırır.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

2