Xalq artisti Rafael Dadaşov

Xalq artisti Rafael Dadaşov vəfat edib

138
(Yenilənib 17:15 16.03.2020)
Rafael Dadaşov uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, Azərbaycan səhnəsində bir çox yaddaqalan obrazlar yaradıb.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Azərbaycanın Xalq artisti, tanınmış aktyor Rafael Dadaşov vəfat edib. Aktyor günorta saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Bu haqda Sputnik Azərbaycan-a Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib: "Bir müddətdir ki, Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhətində ciddi problem yaranmışdı. Diaqnozu ürəyin işemik xəstəliyi, infarktdan sonrakı skleroz və ağ ciyərlərin xroniki xəstəliyi idi".

Xatırladaq ki, Xalq artisti Rafael Dadaşov 1946-cı ildə Naxçıvanda doğulub. 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısı idi. Bu ilin oktyabr ayında ölkə rəhbərinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdi.

Qeyd edək ki, Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn ediləcək. Onun cənazəsi sabah saat 14:00-da evindən götürüləcək.

138
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

0
(Yenilənib 13:05 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

0
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqoları, arxiv şəkli

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

0
(Yenilənib 13:00 23.01.2021)
"İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.

BAKI, 23 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət" göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.

0