Gəlin, arxiv şəkli

Erkən nikahlar onların doğurduğu faciələr Körpələrimizi gözləyən acı tale

909
(Yenilənib 15:52 22.02.2020)
"2018-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayında azalma olub. Belə ki, 2011-ci ildə 4 min 392 olubsa, 2018-ci ildə bu rəqəm 2 129 olub" - Seymur Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Ötən il yanvarın 29-da Azərbaycanda dəhşətli qətl hadisəsi baş vermişdi.  Masallı rayonu, Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində boğaraq öldürmüşdü. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Əslində, nə qədər ağır olsa da, buna ailə münaqişəsi zəminində baş verən adi qətl kimi baxmaq olardı. Təəssüflər olsun ki, il ərzində ölkədə onlarla belə hadisə yaşanır...

Amma bu məsələ bir qədər fərqlidir. Çünki ailədə baş verən faciə tək bu ölüm hadisəsi ilə bitmir. Qatil və öldürülən nikaha daxil olan zaman müvafiq olaraq  18 və 16 yaşlarında olublar. Həbs olunan şəxsin anası açıqlamasında yaşı 18-dən az olan, yetkinlik yaşına çatmayan qıza elçi düşmələrindən danışarkən övladına bu yaşda olan bir qızı gəlin gətirmələrində heç bir qəbahətin olmadığını bildirib. O, “evimizdə iki gəlin var, 14-15 yaşda gəliblər. Yaş nə deyir ki?!” deyə əməllərinə haqq qazandırmağa çalışıb.

Erkən nikahların qarşısını necə almaq olar - psixoloq şərhi

Bu, Masallıda, təkcə bir evdə ən azı iki qadının yetkinlik yaşına çatmamış hüquqlarının pozulması, onların təhsildən yayınması, erkən yaşda olduqları üçün övlad dünyaya gətirərkən həyatlarının riskdə olmasının, yaxud da elə dünyaya gətirdiyi körpənin həm əqli, həm də gələcəyi ilə bağlı bir təhlükə, riskin olması deməkdir. Erkən yaşda ailə qurmağa məcbur edilən ana olmuş şəxs övladına necə savad verə biləcək? Təbii ki, bu həm də gələcəyimiz üçün potensial təhlükəli şəxslərin doğulması anlamına da gələ bilər.

Bu və bu kimi hadisələr baş verdikdə isə daha çox Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adı hallanır, sual edilir ki, bəs komitə hara baxır.

Sputnik Azərbaycan da son günlərin daha çox aktual olan mövzusu, erkən nikahlarla əlaqədar olaraq komitənin mövqeyini öyrənib.

Komitənin rəsmisi Seymur Məmmədov açıqlamasında öncə 2011-ci ildə ailə qurmaq üçün nikah yaşının 17-dən 18-ə qaldırıldığını xatırladıb: "Uşaq hüquqları ilə bağlı konvensiya da qəbul olunub. Bundan başqa, Cinayət Məcəlləsinin 176-1.1 maddəsinə "Yetkinlik yaşına çatmayanların nikaha daxil olmasına məcburiyyətlə bağlı olaraq cinayət məsuliyyət nəzərdə tutulub.  Bütün bunlarla əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən erkən nikahların baş verdiyi ərazilərdə maarifləndirmə tədbirlərinə başlanılıb".

"Komitəni günahkar çıxarırlar ki, niyə bu istiqamətdə bir iş görülmür. Bir daha bəyan edim ki, biz səlahiyyətimiz çərçivəsində lazım olan addımlartı atırıq, maarifləndirmə tədbirlərini həyata keçiririk. Lakin bu məsələlərdə yalnız komitənin mövqeyi deyil, ümumi mövqe sərgilənməlidir. Valideynlər də məsuliyyətlərini dərk etməlidirlər. Burada əsas məsələ valideynlərin üzərinə düşür. Çünki bu kimi hallar erkən nikahdan doğulan uşaqların statusunun qeyri-müəyyənliyinə səbəb ola bilər", - deyə o əlavə edir. 

S.Məmmədov baş verən hadisə ilə əlaqədar olaraq atılan addımlardan da danışıb: "Demirik ki, hadisə baş verən kəndin icra nümayəndəliyi məsuliyyətə cəlb olunmalıdır. Bizdə olan məlumata görə, onlar baş vermiş bu hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat veriblər. Komitə tərəfindən də hadisə ilə əlaqədar olaraq baş prokurorluğa müraciət edilib. İcra nümayəndələri, sahə müvəkkilləri də bu cür hadisələr haqda məlumatlı olmalıdır. Həmin ərazidə müəyyən bir tədbir görmək üçün məsul qurum icra nümayəndəliyidir. İcra nümayəndəliyi tərəfləri dəvət etməli, onlarla söhbət etməlidir".

Komitə rəsmisi bildirir ki, onlara bu barədə  məlumat daxil olanda dərhal aidiyyəti qurumlara məlumat verirlər: "Həmin ərazidə regional mərkəzimiz varsa, oradakı nümayəndəmiz bu işlə məşğul olur. Səlahiyyətimiz çərçivəsində müəyyən addımlar atılır. Amma həmin kənddə belə bir araşdırma aparılmayıb".

"Erkən nikahların daha çox baş verdiyi ərazilər cənub rayonlarıdır. Həmin ərazilərdə tərəfimizdən mütəmadi olaraq pilot layihələr, maarifləndirmə tədbirləri həyata keçirilir", - deyə o əlavə edib.

S.Məmmədov erkən nikahlarla bağlı komitə tərəfindən aparılan maarifləndirmə işləri, görüşlər zamanı valideynlərlə söhbətlər əsnasında bu nikahların əsas "səbəb"lərindən də danışıb: "Valideynlər deyirlər ki, biz özümüz də erkən yaşda ailə həyatı qurmuşuq, heç bir problemimiz olmayıb. Lakin onların bu söylədiklərinin heç bir əsası yoxdur. Çünki ailə həyatı quranların öz büdcəsi olmalı, işləməlidirlər ki, öhdəlikləri yerinə yetirə bilsinlər".

"Komitəmiz tərəfindən erkən nikahların aradan qaldırılması ilə bağlı maarifləndirici qaydalar hazırlanıb. Hazırda həmin qaydalar təsdiq mərhələsindədir. Bu qaydalar erkən və qohum nikahların fəsadları haqdadır", - deyə o əlavə edib.

S.Məmmədov erkən nikahlardan doğulan uşaqların sayını müqayisə edərək son vaxtlar rəqəmlərdə azalmaların olduğunu söyləyir: "2018-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayında azalma olub. Belə ki, 2011-ci ildə 4 min 392 olubsa, 2018-ci ildə bu rəqəm 2 129 olub".

Lakin uşaqların doğum sayında azalmaların olması birbaşa olaraq belə nikahların sayında azalmaların olmasına əsas vermir. Rəqəmlərin azalmasına belə münasibətə daxil olan şəxslərin ilk illərdə yaşadıqları problemlərlə əlaqədar olaraq övlad sahibi olmaq istəməməsi də rol oynaya bilər. Komitə rəsmisi də erkən nikahlardan doğulan uşaqların sayının azalmasının bu yaşda ailə quran şəxslərin sayının azalması ilə birbaşa əlaqəli olmadığı qənaəti ilə razılaşır: "Lakin belə münasibətlərdən doğulan uşaqların sayına baxdıqda dinamikanın azaldığının şahidi oluruq".

909
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

33
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

33
Qalıqlar

Bələdiyyə başçıları cərimə edildi - Sumqayıt Novxanıda

6
E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

BAKI, 4 avqust — Sputnik. Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən "Araz" supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.

E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

6