Yüksək maaşlı iş görəndə aldanmayın - Artıq tamah baş yara bilər

© AFP 2023 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bəzi hallarda vətəndaşlara reallığa uyğun olmayan yüksək maaş təklif olunur və onları bu yolla aldada bilirlər. Şübhə doğuran məqamlar olduqda vətəndaşlar ən azı birinci və ikinci mənbədən məlumatlar əldə etməyə çalışmalıdırlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Bəzi işədüzəltmə şirkətləri tərəfindən vətəndaşların aldadılması halları baş verir. Bu şirkətlər vətəndaşlara onları işlə təmin etmək vədi verir, əvəzində isə vətəndaşdan müəyyən məbləğdə pul vəsaiti tələb edirlər. Pulu alandan sonra şirkətin əməkdaşları "gedin, zəngimizi gözləyin, uyğun iş tapan kimi sizi axtaracağıq" deyə vətəndaşları yola verirlər. Zəng isə gəlmək bilmir ki, bilmir. Çarəsi tükənib yenidən həmin şirkətin ofisinə yaxınlaşan vətəndaş, orada başqa mənzərə ilə qarşılaşır. Görür ki, lələ köçüb, yurdu qalıb. Vətəndaşın iş üçün ödədiyi vəsaiti geri almaq çabaları isə müşkülə çevrilir. Çünki o, nə həmin şirkəti tapa bilir, nə də onun yağlı vədlər verən əməkdaşlarını. Bəs, bu cür hallarla qarşılaşmamaq üçün vətəndaş nə etməlidir?

Prezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşsizlərə şad xəbər: Azərbaycanın yeni brendi mərkəzlərinin sayını artırır

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, burada əsas problemlərdən biri əmək bazarında təklifin çox olmasıdır. İşsizlik səviyyəsinin yüksək olması və yaxud da qaneedici iş yerlərinin az olması nəticəsində əmək bazarında ciddi rəqabət var. Bəzi hallarda işədüzəltmə, vasitəçi şirkətlər də bu tələbdən sui-istifadə edə bilirlər. Bəzən vətəndaşlara reallığa uyğun olmayan yüksək maaş təklif olunur və onları bu yolla aldada bilirlər. Şübhə doğuran məqamlar olduqda, vətəndaşlar ən azı birinci və ikinci mənbədən məlumatlar əldə etməyə çalışmalıdırlar.

"İşə düzəltmək adı ilə vasitəçi şirkətlər tərəfindən aldadılma halları olarsa, bununla bağlı son instansiya məhkəmələrdir. Amma işin bu yerə qədər gəlməməsi üçün, vətəndaşlar şirkətlər haqqında daha dolğun məlumatlar əldə etdikdən sonra onlara müraciət etsələr, yaxşı olar. Bazarda peşəkar işədüzəltmə şirkətləri var ki, bunlar öz reputasiyalarını qorumaq üçün sui-istifadə hallarına yol vermirlər. Vətəndaşlar daha çox belə peşəkar şirkətlərin xidmətlərindən istifadə etməlidirlər", - deyə Həsənov qeyd edib.

Ekspert bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vakansiya bankı yaradılıb: "Vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə həmin sistemə daxil etdikləri məlumatlar əsasında yaradılıb. Bu vakansiya bankının xidmətlərindən istifadə etmək daha təminatlıdır. Burada tələb var ki, işəgötürənlər boş iş yerləri haqqında məlumatları vakansiya bankında yerləşdirməlidirlər. Bu da vətəndaşa imkan yaradır ki, işəgötürənlə birbaşa ünsiyyətə keçə bilsin. İşsiz və iş axtaran şəxslər bu kimi imkanlardan da istifadə etsələr, daha məntiqli olar".

Onun sözlərinə görə, işədüzəltmə şirkətləri də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi qeydiyyata alınırlar və daha çox vasitəçi xidmətləri təklif edirlər. Onlar vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilirlər. Bankların, sığorta şirkətlərin fəaliyyəti ilə bağlı xüsusi tənzimləyici qanunvericilik bazası var. Amma işədüzəltmə şirkətlərinin fəaliyyəti ilə bağlı xüsusi qaydalar yoxdur.

Безработный мужчина, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədə qeydiyyata alınan işsizlərin sayı açıqlanıb

Qeyd edək ki, bu yaxınlarda Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldararaq dələduzluq etməkdə təqsirli bilinən Məcid Məcidov, Elvin Məhərrəmov və Ceyhun Qələbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxslər barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttihama görə, ötən ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən "ELİV" işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi barədə polis orqanlarına müraciət edib. Onlar adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, dəymiş ziyanın ödənməsinə kömək göstərilməsini xahiş ediblər. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının tədbirləri nəticəsində qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyən edilib. O və cinayətkar dəstənin digər üzvləri polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub. Cinayət işi üzrə 211 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Məşğulluq" altsisteminə boş iş yerləri barədə məlumatların daxil edilməsi prosesi davam edir. Nazirliyin məlumatına görə, 2019-cu il dekabrın 20-nə işəgötürənlər tərəfindən altsistemin "Vakansiya bankı"na daxil edilən iş yerlərinin sayı artıq 17 500-ə çatıb.

Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan
ELM
Müəllimlərin işə qəbulunda yenilik

"Məşğulluq" altsistemi işəgötürənlərin işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənməsinə, vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilmələrinə imkan verir. Vakant iş yerləri üzrə işsiz və işaxtaran şəxslərə göndərişlərin verilməsi prosesi isə elektron infrastruktur üzərində həyata keçirilir.

Xatırladaq ki, işəgötürənlər yeni və boşalan iş yeri barədə məlumatları "Məşğulluq haqqında" qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

İşsiz və işaxtaranlar isə "E-sosial" və ya "e-gov.az" portalı vasitəsilə "Məşğulluq" altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən birini seçmək imkanı da verilir.

Xəbər lenti
0