Repressiya illərində ana-ata sevgisindən məhrum olan 84 yaşlı tarix

Tüfəng sədası altında böyüyən tarix: “Dənizdən balıq əvəzinə insan başları çıxdı”

1206
(Yenilənib 11:26 31.01.2020)
“Anamın əllərini bağlayaraq atamızın saxlanıldığı binaya aparıblar. Orada atamı "meşok"a salaraq döyüb, işgəncə verib, iniltisini isə anama eşitdiriblər” - Çingiz Məhərrəmov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Son bir əsrin ən ağır dövrü repressiya illərinə təsadüf edir. Ötən əsrin 30-cu illərində baş verən repressiya bir çox ailələrin dağılmasına, onların pərən-pərən olmasına səbəb oldu. Bu illərdə böyüyən uşaqların acısı, kədəri isə daha çox idi.

Nəğmə susdu dodaqlarda, dilə gəldi tüfənglər...

Anamızın laylaları nənnilərdə pozuldu...

Sən, ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq.

Bu şeir parçası İkinci Dünya müharibəsi illərində baş verən hadisələrlə bağlı yazılsa da, repressiya illəri ilə də ayaqlaşır. Uşaqlığı o məşəqqətli illərə təsadüf edənlərdən biri də Çingiz Məhərrəmovdur. Uşaqlığında oyuncaq üzünə, ana sevgisi, ata nəvazişinə həsrətlə böyüyüb. Onunla repressiya illərində güllələnən, o zaman prokuror müavini olan atası Mehdi Məhərrəmov və tarix müəllimi Sənubər Məhərrəmova haqda danışırıq.

© Sputnik / Nigar Maharram.
Repressiya illərində atasını itirən Çingiz Məhərrəmov

Söhbətə elə evlərinin pilləkənləri ilə qalxanda başlayırıq. Öncələr 8 otaqlı bir mənzildə qaldığını deyən həmsöhbətimiz, hazırda darısqal bir mənzildə yaşayır. Tez-tez ata və anası ilə bağlı barmaqla sayılası xatirələrini vərəqləyir, onların şəkillərini əzizləyir, özü ata əzizləməsinə, sevgisinə həsrət qalsa da...

“Yazıq, bədbəxt anam” deyərək söhbətə başlayan Çingiz Məhərrəmov anası Sənubər xanım və atası Mehdi bəyin cavanlıq fotolarını stolun üstündə düzür. Deyir ki, atası Mehdi Məhərrəmov 1925-1989-cu illərdə dəfələrlə adını dəyişmiş Dövlət Təhlükəsizlik orqanının (öncə Azərbaycan Fövqəladə Komissiyası, sonradan Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığının Təhlükəsizlik İdarəsi, Dövlət Təhlükəsizlik İdarəsi və Dövlət Təhlükəsizlik Komitəsi), hazırda Siyasi Repressiya Qurbanları Muzeyinin fəaliyyət göstərdiyi binanın zirzəmisində güllələnib. O dövrdə prokuror müavini olan atasının xalq düşməni elan olunaraq güllələnməsinin səbəbi isə 1937-1938-ci illərdə repressiya ilə bağlı sənədlərə imza atmaması olub: "1938-ci ildə mən 3 yaşında, bacım isə 7 yaşında idik. Əzizlərimi, uşaqlığımı məndən alan o illəri xatırlamıram, heç xatırlamaq da istəmərəm. Anamın dediyinə görə, o, işi ilə əlaqədar olaraq məni, bacımı, bir də dayəmizi də özü ilə Şuşaya aparıbmış. O illər haqda isə deyirdi ki, qəfil qapı döyüldü və 4 nəfər içəri daxil olaraq onun əllərini bağlayaraq atamızın saxlanıldığı həmin o binaya, yəni hazırda muzeyin olduğu binaya aparıblar. Atamı "meşok"a salaraq döyüb, işgəncə verib, iniltisini isə anama eşitdiriblər. Bunu etməklə onu atamın xalq düşməni olması ilə bağlı sənədə imza atmağa təhrik edirmişlər. Amma anam bunu etməyib. İşgəncələr nəticəsində huşunu itirib. Ayılanda ilk dövrlər ancaq Bayıldakı həbsxanada olduğunu xatırlayıb. Orada Ayna Sultanova (tanınmış sovet inqilabçısı – red.) ilə birgə saxlanılıb. Sonradan isə anam Qazaxıstanda xalq düşməni kimi güllələnən şəxslərin həyat yoldaşları üçün salınan ALJİR düşərgəsinə aparılıb".

© Sputnik / Nigar Maharram.
Sənubər Məhərrəmovanın "Haqsızlıq ərşə çıxarsa" adlı məqaləsi

"Anamı əsir alanda biz bir müddət o evdə qaldıq, bacı-qardaş ağlayıb qışqırırdıq. Yazıq anamın atamla evliliyi 18 il davam etdi. Sonradan anam repressiya illərinə dair "Haqsızlıq ərşə çıxarsa" adlı bir məqalə yazmışdı, başına gələnləri nəql etmişdi", - deyə həmsöhbətimiz əlavə edir.

Anası 8 ildən sonra azad edildikdə isə hökumət onun Bakıya qayıtmasına icazə verməyib: "Ali təhsilli qadın Qazaxda, Kürdəmirdə süpürgəçi işləyir, hamam, tualet təmizləyib pul qazanırdı, o pul da ancaq onun çörək puluna bəs edirdi. Kirayələrdə qalırdı. Ona görə də, bizə baxıb böyütmək gücünə sahib deyildi. Bu səbəbdən anam qayıdandan sonra onun yanında qalmadıq. Yenə də nənəm bizə baxdı. Nənəm bizi təkbaşına böyütdüyü o illərdə bacımla birgə əsgərlərin geyimlərini yuyaraq, gündəlik qəpik-quruş qazanırdı. Yadımdadır, 7 yaşım vardı, evdə yeməyə heç nəyimiz yox idi. Nənəm dedi ki, gedin çöldən kartof qabığı yığın, gətirin bişirim yeyək. Məktəb illərim də yaddaşımda o qədər xoş xatirələrlə qalmayıb. Xalq düşməninin oğludur deyib, mənə barmaq uzadıb ələ salırdılar. Buna görə neçə dəfə məktəbimi dəyişmək məcburiyyətində qalmışam. Məni 2 nömrəli məktəbdən 4 nömrəli məktəbə keçirtdilər. Orada da Mircəfər Bağırovun oğlu təhsil alırdı deyə, məni yenə də məktəbdən çıxartdılar. Artıq 14 yaşımda əmimin yanında kinomexanik kimi işləməyə başlamışdım".

© Sputnik / Nigar Maharram.
Çingiz Məhərrəmov atasının ölümündə Mircəfər Bağırovu günahkar sayır

Deyir ki, o zamanlar atası o qədər nümunəvi şəxs olub ki, onun adına bağ da salıblarmış: "Sadə camaat atamı çox sevərmiş. Çünki o humanist adam olub, güllələnmək üçün Mircəfər Bağırovun göndərdiyi şəxslərin sənədlərinə imza atmırmış. Ona görə də özü güllələndi".

Qarşımızda isə kağızlar, sənədlər, ömürdən səhifələr vərəqlənir, həmsöhbətimizin atası ilə bağlı sənədləri ilə də tanış oluruq. O, atasının 1938-ci ildə, yanvarın 1-də – doğum günündə öldürülməsinin də təsadüf olmadığını söyləyir: "Hamısı Mircəfər Bağırovun işi idi”.

"Anam 1905-ci ildə, atam isə 1890-cı ildə doğulmuşdu. Dəhşətli illərdən öncə anam tarix fakültəsində təhsil almışdı. Daha sonra o, dekan kimi də çalışmışdı", - deyə o əlavə edib.

Həmsöhbətimiz uşaqlığı ilə bağlı demək olar ki, nəyisə xatırlamır. Yalnız bəzi istisnalar olmaqla: "Anam sürgün ediləndən sonra biz İçəri Şəhərdə Məşədi İbad hamamının yerləşdiyi binada məskunlaşdıq. Ata nənəm məni və bacımı böyütdü. O mənim üçün həm ana, həm də ata idi. Anam əsirlikdən qayıtdıqda bizim aramızda soyuqluq vardı. Çünki analıq, atalıq hissini mən nənəmdən duymuşdum".

© Sputnik / Nigar Maharram.
Çingiz Məhərrəmovun repressiya illəri ilə bağlı saxladığı yazı

Vaxtilə balıqçılıqla məşğul olan həmsöhbətimiz deyir ki, bir dəfə dənizdə olarkən tor atanda balıqla yanaşı xeyli sayda bir-birindən ayrı olan insan başı və bədən hissələri çıxıb: "Bacım Geologiya İnstitutunu bitirib. Bir dəfə onları Nargin adasına aparmışdılar. Qazıntı zamanı oradan kəllə-sümük çıxıb. Çünki o zamanlar repressiya zamanı güllələnən şəxsləri qazılan quyuya tökərək dənizə axıdardılar".

Anasının taleyi isə çox acınacaqlı olub, o, 65 yaşında dünyasını dəyişib: "O zaman indi məşhur olan tarixçilərdən biri anamla eyni binaya köçüb,  binada 4 otaqlı ev alıb. Təmir zamanı iplə 5 tonluq su çənini dama qaldırırmışlar. Bu zaman anam işə gedirmiş. İp qırılıb və çən anamın üstünə düşüb, o da dünyasını dəyişib. Onun rektoru anamın ölümündən sonra evinə gələndə, onun nə qədər kasıb qadın olmasına təəccüblənib. Bir yataq, bir stol-stulu olub".

© Sputnik / Nigar Maharram.
Çingiz Məhərrəmovun repressiya illərinə dair saxladığı qəzet və sənədlər

Həmsöhbətimizin tək arzusu isə ALJİR-ə sürgün edilən azərbaycanlı qadınların və repressiya qurbanlarının xatirəsinə abidənin ucaldılmasıdır: "Qazaxıstanın ALJİR bölgəsinə sürgün edilən qadınların xatirəsinə orada abidə qoyulub. Bu il məni də ora dəvət etmişdilər. İstəyərdim ki, Azərbaycanda bir neçə şəxsin xatirəsinə deyil, ümumilikdə bütün belə qadınların xatirəsinə abidə qoyulsun".

1206