Zığ sürüşmə zonası

Ekstrim sevən azərbaycanlılara cavab: "Burada yaşamaq düzgün deyil" - FOTO

1116
(Yenilənib 19:51 11.12.2019)
Zığ sürüşmə zonası qədim sürüşmə ərazisidir. Bəzi insanlar bunu bilə-bilə yenə də bu cür təhlükəli ərazilərdə məskən salmağa üstünlük verirlər. Detalları Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi açıqlayır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Havaların yağıntılı keçməsi sürüşməyə meyilli ərazilərdə vəziyyəti gərginləşdirib. Yağıntılar artdıqca, torpaq kütlələri sürüşür, ətrafda tikilən yaşayış evləri yararsız vəziyyətə düşür. Belə bir vəziyyət hazırda paytaxtın Zığ ərazisində yaşanır.

Ərazi əslində qədim sürüşmə ərazisidir. Burada bu günə qədər yüzlərlə evə zərər dəyib, yaşayış evləri dağılıb və yararsız vəziyyətə düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda ərazidə çox sayda ev qəzalı vəziyyətdədir. Bəzi evlərin isə tikintisi yarıda saxlanılıb. Evlərdə çökmə və iri çatlar müşahidə edilir.

Eyni zamanda yaşayış əraziləri genişləndikdə, sakinlərin məişət və kanalizasiya suları da yollara axıdılır.

© Sputnik / Irade JELIL
Zığ sürüşmə zonası

Küçələr keçilməz, evlər yaşanılmaz haldadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Zığ sürüşmə zonası qədim sürüşmə ərazisidir. Sadəcə olaraq son illərdə insanların burada həddən artıq sıx məskunlaşması, təbiətə müdaxilənin həddən artıq olması vəziyyəti gərginləşdirib. Yamaclar vertikal olaraq kəsilib. Təzyiq artıb: "Yaşayış məntəqələri artdıqca, məişət və suvarma suları da artır. Sulara məruz qalan qrunt kütləsi ağırlaşır və sürüşmə baş verir. Ərazidə çoxsaylı qəzalı vəziyyətdə olan evlər var. Onların əksəriyyəti uçub. Yolların kənarında da çatlar var. Onlarda dəniz istiqamətində, yəni cənub istiqamətində əyilmələr müşahidə edilir. Divarlar deformasiyaya uğrayıb. Buna səbəb isə yamac relyefinin maililiyi və daimi olan təzyiqin dəniz istiqamətində olmasıdır".

© Sputnik / Irade JELIL
Zığ sürüşmə zonası

Ə.Qaralov bildirib ki, Zığ sürüşmə zonasında kanalizasiya sistemi yoxdur. Bu səbəbdən də məişət suları birbaşa torpaq qatına axıdılır.

"Torpaq qatının tərkibi elədir ki, tez doyur və parçalanır. Artıq bəzi evlərin arxa istiqamətdə çökdüyünü görmək mümkündür", - deyə Qaralov vurğulayıb.

Onun sözlərinə görə, Zığ ərazisində tektonik qırılma xətti də keçir. Sürüşməyə rəvac verən amillərdən biri də budur: "Ən əsas amil isə yamacların kəsilib, çox sayda evlərin inşa edilməsi və kanalizasiya sisteminin olmamasıdır".

© Sputnik / Irade JELIL
Zığ sürüşmə zonası

Ə.Qaralov bildirir ki, tikinti işlərinə başlamamışdan öncə məsləhətləşmələr aparılması məqsədə müvafiqdir: "Yaxşı olar ki, həmin ərazilərdə tikintiyə başlamamışdan öncə nazirliyə müraciət edilsin. Araşdırma aparılsın və bizim tərəfimizdən arayış təqdim edilsin ki, burada ev tikmək olar, yoxsa yox. Burada insanların məskunlaşması düzgün deyil".

Mühəndis həmçinin əlavə edib ki, sürüşmə zonalarının əks olunduğu atlas xəritə var. Həmin xəritə Nazirlər Kabineti tərəfindən təsdiq edilib: "Abşeronun sürüşmə zonalarının əks etdirildiyi xəritədə sürüşməyə meyilli olan ərazilərin coğrafi koordinatları göstərməklə tam konturlaşdırılıb. Yəni orada müfaviq strukturlar ev üçün ərazi verərkən həmin xəritə əsasında verməlidir. Sürüşməyə meyilli ərazidirsə, həmin ərazilərdə evlərin tikilməsi düzgün deyil".

  • Zığ sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Zığ sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Zığ sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Zığ sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Zığ sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Zığ sürüşmə zonası

Qeyd edək ki, Zığ sürüşmə zonası böyük ərazidir. Və bu günə qədər 150-dən çox evə zərər dəyib, deformasiyaya uğrayıb və çatlar əmələ gəlib. Elə evlər olub ki, tamamilə dağılıb.

Qaralovun sözlərinə görə, hazırda elə evlər var ki, yaşayış olsa da, qəzalı vəziyyətdədir: "Payız-qış mövsümü olduğu üçün atmosfer çöküntülərinin miqdarı artıb. Son günlər də yağıntılı keçir. Ərazidə gərginlik qalmaqda davam edir".

1116
Əlaqədar
Bibiheybət məscidi yaxınlığında nə baş verir?
Bakıda sürüşmədən sonra yolu necə təmir edirlər – Video
Bibiheybət sürüşmə zonasının taleyi həll olunur
Sürüşmə ilə bağlı ittihamlara rəsmi cavab
Bibiheybət olayı barədə etiraf - Sürüşmənin olacağı ötən həftədən bilinirmiş