Prezident İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində

İlham Əliyev: "Əsas yükü Azərbaycan Türkiyə öz üzərinə götürüb"

872
(Yenilənib 19:13 30.11.2019)
Dövlət başçısı qeyd edib ki, bu günə qədər Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Türkiyə və dünya bazarlarına 450 milyon tondan çox Azərbaycan və başqa dövlətlərin nefti nəql edilib.

BAKI, 30 noyabr - Sputnik. “Bu gün tarixi gündür. 4 il əvvəl birlikdə təməlini qoyduğumuz TANAP bu gün Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, Türkiyə və Azərbaycan xalqlarına, eləcə də digər qonşu xalqlara fayda və tərəqqi verəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində
© Official website of President of Azerbaijan Republic

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı TANAP-ın təməlinin 4 il əvvəl Qars şəhərində qoyulduğunu xatırladıb: “Dörd il əvvəl Qars şəhərində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a gələn yol 2012-ci ildə başlamışdı. Tarixi İstanbul anlaşması nəticəsində TANAP-a yaşıl işıq yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olub. Çünki TANAP-a qədər, bu qərarın qəbul olunmasına qədər Azərbaycan qazının Türkiyəyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il uzun müzakirələr aparılmışdı, lakin heç bir nəticəsi olmamışdı. Belə olan halda, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, biz özümüzə lazım olan bu böyük layihəni özümüz həyata keçirəcək. Belə də oldu və bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürüb”.

Prezident bildirib ki, TANAP-a qədər aparılan birgə işlər TANAP-a yol açıb: “TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki 2006-cı ildə Bakı-Tbilsi-Ceyhan boru kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməlini müasir Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoyub. 2006-cı ildə isə əziz qardaşım Prezident Ərdoğanla birlikdə Ceyhanda biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismara verdik”.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində
© Official website of President of Azerbaijan Republic

Dövlət başçısı qeyd edib ki, bu günə qədər Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Türkiyə və dünya bazarlarına 450 milyon tondan çox Azərbaycan və başqa dövlətlərin nefti nəql edilib: “Bunun böyük hissəsi - 400 milyon tondan çoxunu Azərbaycan nefti, 27 milyon tonunu Türkmənistan, 12 milyon tonunu Qazaxıstan, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Bir sözlə, BTC nəinki Azərbaycan nefti, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də bu bölgədə əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz xəttinin açılışını etdik. Bu da TANAP-a yol açan önəmli layihə idi”.

Azərbaycan Prezidenti TANAP-ın inşasında iştirak etmiş bütün insanlara təşəkkürünü də bildirib: “Onların fədakarlığı, onların peşəkarlığı bu böyük layihənin vaxtında istismara verilməsində mühüm rol oynayıb”.

872
Corc Dik

İsrail səfiri Gəncədə: "Mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir"

3
(Yenilənib 18:21 22.10.2020)
Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib.

"Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm. Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir".

Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

"Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk və Gəncədə yaşanan dəhşətli hücumun qurbanlarını bu çətin anlarda dəstək olaraq bir sıra humanitar yardımla təmin edirik".

Sonda səfir Corc Dik faciə qurbanlarının ailələrinə, eləcə də Gəncə sakinlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Gəncədə vəziyyət

Baş prokuror Tacikistan səfirinə mülki əhaliyə dəyən zərərlərdən danışıb

2
(Yenilənib 18:20 22.10.2020)
Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BAKI, 22 oktyabr — Sputnik. Oktyabrın 22-də Baş prokuror Kamran Əliyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, qonağı səmimi salamlayan Baş prokuror Azərbaycanla Tacikistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.

Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulayıb ki, ümumilikdə mülki əhalidən 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub, 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Tacikistanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Rustam Soli ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin rəsmi mövqeyini bildirirək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pislənildiyini bildirməklə, bu hadisələrin rəsmi bəyanatlarında əks olunduğunu xüsusilə vurğulayıb.

Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə